!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aş qazanı, tar-qaval, kəlağayı…nə vaxta qədər?!

!Reklam – Yazi

129158_srcAzərbaycan bu il dünyanın ən məşhur avtomobil yarışları olan “Formula-1” üzrə Avropa Qran-prisini keçirməyə hazırlaşır. “Formula-1” yarışlarının isə dünyanın müxtəlif ölkələrindən 500 milyondan çox izləyicisi var. Gözlənilir ki, yarışı izləmək üçün on minlərlə yarış həvəskarı Bakıya gələcək.

Bu, Azərbaycanın yaxın gələcəkdə ev sahibliyi edəcəyi tək beynəlxalq idman yarışı deyil. Ardınca Bakı şahmat üzrə dünya çempionatına, daha sonra İslam Oyunlarına ev sahibliyi edəcək. Hansı ki, bu və digər beynəlxalq yarışlar Azərbaycanı, onun mədəniyyətini dünyada tanıtmaq üçün mühüm fürsətdir. Və ölkəni xaricilər arasında tanıtmağın vasitələrindən biri də yəqin ki, milli suvenirlər sayıla bilər.

Avropa Oyunları zamanı məlum olmuşdu ki, Bakıya gələnlərə daha çox Çində istehsal edilən, keyfiyyətsiz suvenerlər təklif olunub. Hətta bu məsələ təşkilatçılar tərəfindən tənqidlə qarşılandı. Həmin vaxt Bakının suvenir satanları, hansı ki, belələri əsasən qədim İçərişəhərdə və Fəvvarələr meydanı ətrafında cəmləşiblər, yaxşı qazanc götürə bilmədiklərindən şikayətlənirdilər.

Bəs “Formula 1” yarışlarını izləməyə gələn turistlərə hansı suvenirlər təklif ediləcək? Yenə qədim mis qazanlar, xalçalar, tar-kamança və digər bu kimi ənənəvi milli suvenirlər?

Çin malı milli suvenirlərimiz…

Virtualaz.org saytının İçəri Şəhərdə apardığı müşahidələrdən bəlli olub ki, turistləri cəlb edə biləcək, Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən suvenerlərin çeşidi azdır. Mağazaların əksəriyyətində Qız Qalası, tar, qaval, kamança və üzəri bəzədilmiş armudu stəkanlar satılır. Çindən gətirilmiş, qaşlarla bəzədilmiş daraq dəstləri, pul qabları, şərflər, gümüş aksesuarlar da milli istehsal adı ilə təklif edilir. İçərişəhərdə yerləşən suvenir mağazasının satıcısı Əli Əsədov deyir ki, yerli istehsal olan suvenerlər əl işi, göz nuru olduğundan baha təklif edilir. Amma Çində hazırlanan suvenirlər ucuz satılır: “Toxunma corablar, çantalar Qubadan gətirilib. Keramikadan hazırlanan bu qablar isə İsmayıllının Lahıc qəsəbəsindən alınıb. Üzəri bəzədilmiş armudu stəkanlar, qablar Bakı kəndlərində yaşayan rəssam qızlar tərəfindən hazırlanır. Şamaxı rayonundan da əldə düzəldilmiş suvenirlər alırıq”.

1 ildir nərd satmayıb

Mağazada 30 manatdan 400 manatadək nərdlər almaq olar. Qiymət ağacın keyfiyyətinə, taxtanın üzərindəki işləmələrə görə dəyişir. Amma satıcı deyir ki, son 1 ildə heç kim nərd taxtaları almayıb.

Toxuma corablar 5 manatdan, çantalar isə 10 manatdan təklif edilir. Xalçadan hazılanan çantaların qiyməti isə 50 manatdan başlayır.

Mağazalarda kəlağayılara az rast gəldik. Amma xaricdən gətirilən yaylıqlar çeşid-çeşiddir. Məsələn, Binə yarmarkasında 3 manata satılan bu yaylıqları İçəri Şəhərdəki mağazalarda 10-15 manata almaq olar. Buta şəkli ilə bəzədilmiş kəlağayıların qiyməti isə 30 manatdan başlayır.

Artıq “Formula-1” suvenirləri sifariş verilib

Son vaxtlar ölkədə iqtisadi fəallığın azalması, maliyyə bazarlarında baş verənlər İçərişəhərin suvenir satıcılarının da işinə təsir edib. Onların əksəriyyəti alıcı azlığından şikayətlənir. Satıcılardan biri deyir ki, qışda turist olmadığından alver “ölür”. Buna görə də yeni suvenirlər gətirilməyib: “Hələlik alver yoxdur. Hətta mağazanın icarə pulunu çıxara bilmirik. Hərdən məktəblilər gəlir. Onlar da papaq, qələm, ya da gümüş əşyalar alırlar. Amma yarışların başlayacağı ərəfədə yeni suvenirlər gətirəcəyik. Artıq “Formula 1” yarışlarını əks etdirən suvinerlər sifariş vermişik”.

Aş qazanı 400 manata, alan isə yoxdur

Səkilərin üstündə isə hələlik mis qazanlar, qablar düzülüb. Məsələn, aş qazanının qiyməti 400 manatdır. Digər qazan 200 manata, su qabları isə 70 manata təklif edilir. Satıcı Aydın Nəbiyev bu qazanlar orta əsrlərə aiddir. Amma alan yoxdur: “Bəzən xalçalar satılır. Məsələn, alıcılar daha çox taxta üstündə toxunan xalçalara üstünlük verirlər. Çünki qiymət baxımından sərfəlidir”.

Qız Qalası, tar-kamanı əks etdirən suvenirlərin qiyməti isə 20 manatdan 60 manata qədər dəyişir.

Ancaq belə görünür ki, Bakıya yolu düşən əcnəbilər suvenir almaqda heç də səxavətli deyillər. Yaxud onları 400 manatlıq aş qazanları və digər bu kimi nisbətən bahalı, ancaq qədim əşyalar cəlb etmir.

Qoşa qala qapısı yaxınlığında yerləşən digər suvenir satıcısı isə turistlərin kiçik və ucuz mallara üstünlük verdiklərini deyir: “Bəzən bəzədilmiş armudu stəkan, kiçik çaynik, araxçın, toxunmuş çantalar, milli geyimdə olan kuklalar satırıq. Amma son zamanlar heç kim bahalı suvenir almaq istəmir”.

Qeyri-adi nəsə istəyir, “Sədərək”də satılanları yox

Mağazalarda hədiyyə axtarışına çıxan Anar Məmmədov isə söyləyir ki, xarici qonağına Bakını təmsil edən suvenir almaqda çətinlik çəkir: “İçəri Şəhərdə satılan suvenerləri Sədərək yarmaqkasında daha ucuz almaq olar. Mən qeyri-adi, Azərbaycanın tarixini əks etdirən nəysə almaq istəyirdim”.

Qəribədir ki, digər ölkələrə, məsələn, Çin, Rusiya, Türkiyə, Gürcüstana aid suvenirlər çoxdur. Məsələn, Türkiyədən gətirilmiş qablar, Gürcüstandan gətirilmiş açar bəzəkləri, Çində hazırlanan fil dəstləri almaq olar.

Bəlkə bu sahədə nəsə dəyişiklik lazımdır?

Bəs Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini təmsil edən, nisbətən ucuz , daha geniş xarici turist kütləsini, eləcə də paytaxtın sakinlərini cəlb edən suvenirlərin hazırlanmasına, bu sahədə yeniliyə nə vaxt başlanılacaq?

Söhbətləşdiyimiz rəssam Ramin Abdullayev deyir ki, bu sahəyə yaradıcı yanaşmırlar və təlabat nəzərə alınmır.

“Azərbaycanı xatırladan suvenerlərin hazırlanması üçün ölkənin tanıtım strategiyası olmalıdır. Yəni istehsalçı, alıcı və ya satıcı bilməlidir ki, bu adi bəzək əşyası deyil. Yəni suvenirlərdə şəhərimizə, ölkəmizə məxsus özəllik nəzərə alınmalıdır. Bu cür suvenirlərin hazırlanması üçün kiçik sexlərin sayı artırılmalıdır. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də bazarda ucuz qiymətə suvenerlər satılmasına səbəb olar”.

Bakı Dövlət Universitetinin şifahi xalq ədəbiyyatı kafedrasının müdiri Səhər Orucova isə bu sahəyə yeni başlandığını, milli-mənəvi çalarları əks etdirən suvenirlərin hazırlandığını deyir:

“Xarici qonaqlar daha çox əl işləri ilə bəzədilmiş kəlağayı və milli geyimdə olan kuklalara üstünlük verirlər. Hazırda satışda belə kuklalar, kəlağayılar, tar, qaval, kamança suvenerləri var. Zaqatalada bu işlə məşğul olanlardan biri çox gözəl suvenirlər hazırlayır. Məsələn, tambur deyilən musiqi alətinin suvenirini hazırlamışdı.

Suvenir hazırlayan sexlər də var və onlar sifariş əsasında müxtəlif çeşiddə, cəlbedici suvenirlər hazırlaya bilərlər”.

S.Orucova hesab edir ki, beynəlxalq idman yarışları ərəfəsində saz, qapuz, milli geyimdə kuklalar hazırlanarsa, bu, xarici qonaqları daha çox cəlb edərdi.

Jalə Ağazadə

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

www.yenicag.az

2739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv