Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Milli-mədəni dəyərlərin internet mediada təbliği” –www.CultNews.az layihəsinə yekun vurub.
Azərbaycan Turizm və Menecment Universiteti keçirilən tədbirdə millət vəkilləri, nazirliyin rəsmiləri, QHT və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov açaraq sözügedən mövzunun müasir dünya çağırışlarına adekvat olduğunu dedi. Ölkəmizin 25 illik müstəqillik dönəmində kifayət qədər uğur əldə etdiyini deyən E.Aslanov milli-mədəni dəyərlərin təbliğində İKT resurslarının yaradılmasının vacib olduğunu dedi.
Sonra ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov çıxış edərək layihənin aktual mövzuya həsr olunduğunu dedi: S.Abbasov informasiya məkanının sürətlə internetləşdiyi dövrdə milli dəyərlərin qorunmasının vacibliyini vurğuladı: “İKT eyni zamanda ən uğurlu təbliğat vasitəsi hesab olunur. Belə ki, bir çox inkişaf etmiş ölkələr öz milli irslərini, tarixi abidələrini internet resurslar üzərindən dünyaya təbliğ edir və beləliklə də həm tarixlərini dünya tarixi irsinə daxil etmiş olur, eyni zamanda öz turizm imkalarını daha da artırmış olurlar. Bu mənada 3 Avropa ölkəsində nümayəndəliyi olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası beynəlxalq təcrübəsini əsas tutaraq, bu sahədə boşluğu və ciddi tələbatı nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinə “Milli-mədəni dəyərlərin internet mediada təbliği” layihəsini təklif etdi.Başda nazirimiz Əbülfəz Qarayev olmaqla layihəmizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. İlkin mərhələdə iki ay davam edən layihə çərçivəsində yaradılan internet resurs mərkəzinin uzunmüddətli fəaliyyəti nəzərdə tutulub. Biz, eyni zamanda işğal altında olan torpağlarımızda erməni qəsbkarları tərəfindən məhv edilmiş tarixi abidələrimizin sistemli və fərqli şəkildə www.CultNews.az resurs mərkəzində yerləşdirilməsini təmin etdik. Biz sosial şəbəkələrin bütün mümkün imkanlarından istifadə edərək təbliğat və təşviqat işlərinin aparırıq və bu proses bugen də davam edir”
Millət vəkili Elşən Musayev çıxışında ölkə rəhbərliyinin mediaya göstərdiyi diqqət və qayğının dünya üçün model olduğunu dedi. E.Musayev milli-mədəni dəyərlərin internet mediada təbliğndə gənclərin iştirakının vacibliyini qeyd etdi.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Rəşad Əliyev isə çıxışında təmsil etdiyi nazirliyin sözügedən mövzuda ciddi və sistemli şəkildə fəaliyyət göstərdiyini dedi: “Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə illərdir ardıcıl və sistematik fəaliyyət göstərir. Şəxsən Cənab Nazirin təşəbbüsü ilə bu istiqamətdə bir sıra layihələr həyata keçirilibdir. QHT-lər üçün nazirlik tərəfindən elan olunan müsabiqədə bu mövzu xüsusi olaraq qeyd olunur”
Daha sonra İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu çıxış edərək milli-mədəni dəyərlərin internet mediada ciddi şəkildə qorunmasına və təbliğinə ehtiyac duyulduğunu dedi. O, həmçinin bu prosesdə televiziyaların internet-media ilə qarşılıqlı fəaliyyətinin vacibliyini vurğuladı.
AMEA-nın Dilçilik institutunun əməkdaşı Cahid İsmayıloğlu çıxış edərək milli-mədəni dəyərlərin qorunmasında və təbliğində elmi yanaşmanın zəruri olduğunu dedi.
Sonra Gənclər Üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə çıxış edərək bu istiqamətdə tək ölkə daxilində deyil beynəlxalq müstəvidə də layihələrin icrasının vacib olduğunu dedi. F.Həsənzadə vətəndaş cəmiyyətinin milli dəyərlərin qorunmasında müstəsna rola malik olduğunu dedi.
Tədbirin sonunda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası media orqanlarına sözügedən sahədə uğurlu fəaliyyətlərinə görə mükafatlar təqdim etdi və tədbir disskusiya formatında davam etdi.