ASGA “Gənclərin İKT inkişafı mərkəzi” layihəsinə başladı

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir.

Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. Bu gün İKT-nin inkişafı respublikanın davamlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.

Bu zərurət nəzərə alan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gənclərin İKT sahəsində peşəkarlığının yüksəldilməsinə xidmət edən “GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ” layihəsinin icrasına başlayıb.

Bu barədə saytımıza açıqlama verən ASGA sədri, internet media ekspert Səbuhi Abbasov layihənin əsas məqsədinin İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etməkdən ibarət olduğunu dedi: “Layihənin əsas məqsədi İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etmək, İnternet mediada çalışan gənclərin informasiya təhlükəsizliyi qaydalarına riayət olunmasını aşılamaq, gənclərdə texniki-nəzəri İKT biliklərinin artırılması, ölkəmizin dünyada təbliğində İKT imkanlarından istifadənin təbliğini həyata keçirilməsi, mobil tətbiqlərə inteqrasiyanın sürətləndirilməsidə gənclərin rolunun artırılması, web resursların yaradılması və idarə olunmasın prosesinə gənclərdə marağın artırılması, eyni zamanda Sosial şəbəkələrdən səmərəli istifadənin təmin edilməsindən ibarətdir. Layihənin tək paytaxt Bakıda deyil, eyni zamanda, Respublikamızın müxtəlif bölkələrində təlim formatında keçirilməsi nəzərdə tutulub. Həmçinin, layihə çərçivəsində www.ictcenter.az saytı yaradılacaq. Saytın eyni zamanda mobil versiyası hazırlanacaq. Bu gələcəkdə layihə bitdikdən sonra davamlılıq üçün olduqca böyük bir tövhədir. Son 5 ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bir daha gənclərimizin İKT biliklərinin inkişafını, virtual savaşda daha sistematik mübarizəsini stimullaşdırıb. Hesab edirəm biz bu layihə çərçivəsində yüzlərlə gəncimizi sözügedən sahədə maarifləndirməyə müvəffəq olacağıq”.

Yeniçağ.az