!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aşıq Miskin Vəlinin 130 illiyi qeyd olundu

!Reklam – Yazi

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan aşıq ədəbiyyatının görkəmli siması Aşıq Miskin Vəlinin 130 illiyinə həsr olunmuş “Aşıq Vəli Miskinlinin yaradıcılığı”adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov şairin xalq ruhundan qidalanan şeirləri haqqında məlumat verib, aşıq ədəbiyyatının tanınmış nümayəndələrinin, o cümlədən Aşıq Miskin Vəli irsinin gənclər tərəfindən öyrənilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, mühiti və zəngin yaradıcılığı indiyə qədər az öyrənilən XX əsrin ustad sənətkarlarından biri də Miskinli Vəlidir. Bütün həyatını ədəbi yaradıcılığa həsr edən və özündən sonra zəngin irs qoyan tanınmış el sənətkarının poeziyasının növ, janr, mövzu və digər poetik xüsusiyyətlər baxımından tədqiqi milli-mədəni irsimizin təbliği sahəsində önəmli addımlardan biri kimi dəyərləndirilə bilər.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov Aşıq Vəli Miskinlinin həyatı və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə saz-söz ustasının Azərbaycan aşıq ədəbiyyatının inkişafına verdiyi töhfələrdən, şeirlərinin poetik bəznərsizliyindən, əsərlərinin nəşri və tədqiqi sahəsində görülən işərdən bəhs olunub. Natiq qeyd edib ki, Dədə Vəli Miskinli zamanında böyük söz ustaları, ədəbiyyat və incəsənət adamları Üzeyir Hacıbəyli, Səməd Vurğun, Osman Sarıvəlli, Cəfər Xəndan, o cümlədən araşdırıcılardan Ərtoğrol Cavid (böyük şair-dramaturq Hüseyn Cavidin oğlu) və Hümmət Əlizadənin diqqətini çəkib, onların rəyləri ilə şeirləri çap olunub, 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyat və incəsənəti dekadasına dəvət almış azsaylı aşıqlardan biri olduğuna görə hələ o illərdə böyük şöhrət qazanıb.

Ailə üzvləri adından çıxış edən aşığın nəvəsi, BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov tanınmış söz ustasının ədəbi fəaliyyəti, şəxsi keyfiyyətləri və ömür yolu ilə bağlı maraqlı məqamları diqqətə çatdırıb. Qeyd edib ki, Vəli Miskinli hələ gənclik çağlarından şairliyi və aşıq kimi ifaçılıq bacarığı ilə geniş ad-san qazanıb. O, təhsil almasa da, fitrətdən gələn savadına, yaddaşına, bədahətən söz qoşmasına və bütün bunlarla aşıq sənətinə Dədə Ələsgər sayağı möhür vurmasına görə seçilib. Şeirlərində həyat hikmətini, dünyanın dərkini və insanın kimliyini hər kəsin başa düşdüyü aydın dillə ifadə edib.

Tədbir tələbələrin çıxışları ilə davam edib. Fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlovun “Hər sözü bir dastan, hər dastanı bir ömür” adlı məruzəsi dinlənilib, Filologiya fakültənin II kurs tələbələri Nəzrin Əliyeva və Validə Bayramlı, Tarix fakültəsinin II kurs tələbəsi Lamiyə Kamallının ifasında aşığın yaradıcılığından şeirlər səsləndirilib, şairin həyatından bəhs olunan videoçarx izlənilib.

Sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Amin Həsənli “Ruhani” və “Orta Sarıtel” aşıq havalarını ifa edib və saz sədaları altında şairin şeirlərini səsləndirib.

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv