Aşıq Mübariz qəzəblənib. Sənətçi onu tənqid edən sənət dostlarını duelə çağırıb.
Yenicag.az-a açıqlama verən aşıq bildirib ki, onu bir çox həmkarlarının gözü götürmür. Sənətçi bunun səbəbini isə belə izah edib:
“Mənim sazla şou göstərməyim həmkarlarımı qıcıqladırır. Bunun da səbəbləri var. Azərbaycandan kənarda, Rusiya toylarında ən “bərkgedən” aşıq olmağım onları narahat edir. Dəfələrlə mənə deyiblər ki, sən Allah bizi də o toylara apar, pul qazanaq. Mən razı, apararam. Bir şərtlə ki, mənim kimi sazla şou göstərməyi bacarsınlar. Bunu da bacarmırlar axı. Azərbaycandan qırağa çıxa bilmədikləri üçün də başlayırlar arxamca danışmağa. Hansı telekanala çıxırlar, məni “baltalayırlar”. Sözləri-söhbətləri də budur ki, Mübariz sazı niyə başının üstündə, kürəyində ifa edir. Bacarana can qurban”.
Aşıq onu tənqid edənlərə səslənib:
“Məni “baltalayan” oğlanları duelə çağırıram. Gözləyirəm, gəlsinlər, mənimlə bərabər sazla şou nümayiş elətdirsinlər. Əgər mənə qalib gələ bilsələr, mən həmin aşığa bahalı avtomobil bağışlayacam. Bunu deyirəm, sözümün arxasında da dayanıram. Əgər bunu bacarsanız, Rusiya toylarına sizi də dəvət edərlər. O zaman heç kim heç kəsin paxıllığını çəkməyəcək. İndi neyləyim ki, mən saz sənətində yenilik etmişəm. Bacarın, siz də edin”.
Cəvahir
Yenicag.az