Aslan İsmayılov: “Sumqayıt hadisələri Qarabağın işğalının başlanğıcı idi”

Bu gün 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən 29 il ötür. Ötən dövr ərzində Sumqayıtda baş verən iğtişaşları Qarabağ hadisələrinin başlanğıcı kimi qeyd edənlər az deyil. Heç şübhəsiz ki, bu hadisələrin təşkilatçısı və iştirakçıları ermənilər olub.

“Sumqayıt qırğınları” proqramının icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentləri montaj edilib, bütün dünyaya yaymaları və digər məqamlar azərbaycanlıların “vəhşi” obrazını yaratmaq məqsədi güdürdü. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanılıb.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirtdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma əsl günahkarın əslində, erməni əsilli Eduard Qriqoryan olduğu hər kəsə bəllidir.

Həmin dövrdə məhkəmədə dövlət ittihamçısı olmuş, hüquqşünas Aslan İsmayılov Yeniçağ.az-a danışarkən Sumqayıt hadisələrinin ətraflı şəkildə araşdırılmamasından çox heyifsləndiyini deyib:

“Sumqayıt hadisələri Qarabağın işğalının başlanğıcı idi. SSRİ rəhbərliyi, Dövlət Təhlükəsizlik Komitəsi, erməni diasporu və digər qüvvələr Sumqayıtda o hadisələri törətmişdilər ki, Azərbaycan xalqını dünyaya “vəhşi” bir millət kimi təqdim etsinlər. Sonra da dünyanın gözü qarşısında Qarabağı işğal etsinlər və buna da nail oldular. İllər keçməsinə və bu barədə çox deyilməsinə baxmayaraq, bu gün də Sumqayıt hadisələrinə heç bir diqqət yetirilmir. 2010-cu ildə “Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabının nəşrindən sonra Baş prokuror Zakir Qaralov elan etdi ki, cinayət işi qaldırılıb və istintaq aparılır. Bu günə qədər onların apardığı istintaqın nətcəsi odur ki, “odnaklassiniki.ru” sosial şəbəkəsində Sumqayıt hadisələrinin təşkilatçısı Eduard Qriqoryanı tapıblar. Və bununla hər şey bitdi. Biz nə qədər Sumqayıt hadisələrini araşdırmayacağıq, onu bütün dünyaya tanıtmayacağıq, heç vaxt da Qarabağ problemini həll edə bilməyəcəyik”.

A. İsmayılov Sumqayıt hadisələri ilə bağlı hər bir detalı açıqladığını bildirib:

“Bu hadisələrlə bağlı bütün detallar qələmə aldığım kitabda əks olunub. Hadisələrlə bağlı sonradan əlavə məlumatlar tapandan sonra bir daha əmin oldum ki, mənim kitabda fərziyyə kimi yazdıqlarımın hamısı həqiqətdir.

Bəxtiyar
Yeniçağ.az