Aslanın Qala qapısı arasında qalan quyruğu… – Subyektiv

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 26-da start götürüb.

Hər birimiz Azərbaycan mədəniyyətini, xalqımızın dünyagörüşünü və kültür səviyyəsini dünyaya tanıtmaq üçün yaranmış bu fürsətdən faydalanaraq ölkəmizə ciddi siyasi, iqtisadi dividentlər gətirə bilərik və bu istiqamətdə gərəkli addımlar atmalıyıq. İnsafən, qonaqlarımıza paytaxtımızı tanıdan könüllü gənclərdən tutmuş, yarışın uğurla tamamlanmasına çalışan dövlət yetkililərimizə qədər hər kəs gecəsini gündüzünə qatıb bu işdə əlindən gələni əsirgəməməyə çalışır. Dünyanın müxtəlif ölkələrindən şəhərimizə təşrif buyuran qonaqlarımızla qurulan əlaqələr bəlkə də yaxın zamanlarda yeni iqtisadi əməkdaşlıqların əsasını qoyacaq, xüsusilə bir çox gənclərimiz öz iş karyeralarını quracaq.

Digər tərəfdən, məkrli erməni təbliğatının dünyaya mənfi obrazda təqdim etdiyi Azərbaycan xalqı bu cür tədbirlərdən faydalanaraq, öz həqiqi kimliyini beynəlxalq aləmə obyektiv şəkildə çatdırmaq imkanı əldə edir ki, bu da ölkəmiz barədə veriləcəyi gözlənilən bir sıra siyasi qərarlara müsbət təsir göstərə bilər. İqtisadi böhran yaşadığımız bir zamanda rəsmilərimizin beynəlxalq yarışlara önəmli miqdarda vəsait ayırmasının əsas səbəbi də bu amillərlə bağlıdır.

Nə yazıq ki, beynəlxalq idman yarışlarının tamamilə əks effektləri də istisna deyil. Biz bu fürsətdən bacardığımız kimi istifadə edə bilməsək, ölkəmizi tam fərqli biçimdə dünyaya tanıtmış olarıq. Nəticədə ölkəmizin beynəlxalq imici korlanar, əldə edəcəyimiz siyasi və iqtisadi dividentləri düşmənlərə qazandırarıq.

Görünür, elə bu səbəbdən, Azərbaycanı sevməyən xarici qüvvələrin əlində oyuncağa çevrilən bəzi dairələr də məhz beynəlxalq yarışların ərəfəsində fəallaşır, öz mənfur rolarını oynayırlar. Hər kəsə bəllidir ki, bir neçə il əvvəl ölkəmizdə keçirilən bir çox beynəlxalq yarışlar ərəfəsində uzun illərin qış yuxusundan ayılan destruktiv qüvvələr bu tədbirlərdən Azərbaycanı qeyri-demokratik ölkə kimi dünyaya tanıtmaq fürsəti kimi yararlandılar. Məşhur Evrovizyon-2012 və Avropa oyunları yarışlarında bir ovuc tərəfdarlarıyla tədbirlərin keçirildiyi məkanların qarşısında meydan sulamağa çalışan müxalif qüvvələrin ölkəmizin beynəlxalq imicinə də zərbə vurmağa səy göstərdilər. Beləcə, Qarabağ ermənilərinin illərdən bəri əllərində dəstəvuz etdikləri “Azərbaycanda insan hüquqları tapdalandıqları üçün biz onlarla birgə yaşaya bilmərik” arqumentlərinə haqq qazandırırdılar.

Builki Formula-1 yarışları ərəfəsində ortaya çıxan qüvvə isə Aslan İsmayılov oldu. O, “Qala divarları” vətənşüvənliyi ilə Azərbaycan xalqını öz mədəniyyətinə düşmən kəsilmiş toplum kimi dünyaya təqdim etməyə çalışdı. Hüquqşünasın İçərişəhərdə çəkib facebookdakı dostları vasitəsilə dünyaya yaydığı video-görüntülərdə azərbaycanlılar tarixi mirasına qənim kəsilmiş, mədəniyyəti bir qarın kababa dəyişən xalq kimi təqdim olundu. Aslan İsmayılovun iddiasına görə, “tarixi irsimiz sayılan bu ərazidə 22 restoran, 18 hotel, 16 kafe, 5 hostel, 3 çay evi fəaliyyət göstərir və bu, tarixə hörmətsizlikdir”. Guya, Qala divarlarının tam qarşısında yeni obyektlər tikildiyi üçün bu tarixi mirasımız uçma təhlükəsi ilə üz-üzədir. Halbuki, müvafiq qurumlar və mütəxəssislər hər hansı bir təhlükənin mövcud olmadığını, Qala divarlarının bufer zonasının həmin qoruğun xaricində yerləşdiyini dilə gətirir və müxtəlif insanlar tərəfindən paylaşılan şəkillərin köhnə dövrləri əks etdirdiyini bildirirlər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımovun məsələylə bağlı açıqlamasında deyilir: “Bunu ilk dəfə paylaşan insan hüquqşünas olsa da, sonradan ritorikasını dəyişib qanunvericiliyə istinad edir. Mən özüm də hüquqşünasam. İçərişəhərin bufer zonasının harda başlayıb harda bitməsi qaydalarda müəyyən olunur. Bufer zonası qala divarlarının xaricindədir. İçərişəhərin daxilində bufer zonası yoxdur. Bu boyda dövlət idarəsini savadsız qələmə verəndə heç olmasa qaydalarla yaxşı tanış olmaq lazımdır. Həmin şəxslərə ayıb olsun ki, köhnə şəkli yeni şəkil kimi qələmə veriblər. Mən onların məqsədlərini dərk edirəm. Ancaq başqaları da paylaşır, bu bizi narahat edir. Yəqin, həmin adamlar 8 ildə burada olmayıblar”.

Aslan İsmayılovun rəhbərliyi altında aparılan İçərişəhər vətənşüvənliyinin həm zamanlaması, həm mütəşəkkil dəstə tərəfindən həyata keçirilməsi, həm də təbliğatlarda köhnə şəkillərdən istifadə olunması beynəlxalq yarış ərəfəsində Azərbaycana qarşı qara-piar kampaniyasının əvvəlcədən planlaşdırıldığını sübut edir. Görünür, məqsəd rəsmilərimizin və ictimaiyyətimizin diqqətini Formula-1 yarışlarından ayırmaq, əldə ediləcək fürsətdən faydalanılmasının qarşısını maksimum şəkildə almaq və xalqımızı dünyaya vəhşi toplum kimi tanıtmaqdır. Azərbaycanın qida təhlükəsizliyi strategiyasına qarşı yönələn erməni təxribatının vəkilliyini edən hüquqşünasın bu addımı da məndə qətiyyən təəccüb doğurmadı. Ona görə ki, Aslan İsmayılov ənənəvi ampluasından ayrılmamış, İçərişəhər qara piarında belə, müvəkkillərinin maraqlarından çıxış etməkdədir. Zira işğal edilmiş ərazilərimizdə mədəniyyət nümunələrini dağıdan, tarixi yox etməyə çalışan ermənilər Aslan İsmayılovun saxta vətənpərvərliyi sayəsində “mədəni irsə qənim kəsilən biz yox, Azərbaycanın özüdür”, yaxud “özləri üçün belə dəyəri olmayan tarix kimə lazımdır?” arqumenti əldə etdilər.

Aslan İsmayılov İçərişəhər vətənşüvənliyini əvvəlcədən planlaşdırılmış təxribat olmadığını isbatlamaq üçün öz fantaziya yaratma gücündən maksimum istifadə etməyə çalışsa da, irəli sürdüyü arqumentləri qətiyyən inandırıcı görünmür. Dediyinə görə, ailəsilə səhər yeməyi üçün İçərişəhərdəki bir restorana gedərkən yeni tikililərlə qarşılaşıb. İçərişəhərin yeməkxana mərkəzinə çevrilməsinə ürəyi tab gətirmədiyindən tikinti işlərinin videosunu çəkib paylaşmağa qərar verib.

Aslan İsmayılov vətənşüvənliyinin nə qədər saxta olduğu elə bu “etiraf”dan bəllidir. Axı, həqiqi vətənpərvər təkcə hardasa restoran tikilməsinə qarşı çıxmaqla qalmaz, həm də onun xidmətindən imtina edər. Aslan İsmayılov isə guya tikintisinə qarşı çıxdığı restoranlarda qəhvəaltı edəcək qədər öz prinsiplərinə biganədir. Bu təzadlı mövqe yemək yediyin qabağa tüpürməyə bənzəmirmi?

Hüquqşünası qəhvəaltı sırasında qeyrətə gətirən hədəfin kimliyi də maraqlıdır. İndiyədək Azərbaycan hakimiyyətinin iki klana bölündüyünü iddia edən, onlardan birini müsbət, digərini şeytan cildində göstərməyə çalışan Aslan İsmayılovun budəfəki hədəfinin əks düşərgə olduğu şübhə doğurmur. Ona görə ki, İçərişəhər UNESKO-nun xüsusi diqqət ayırdığı mədəni irslərdəndir. Bilindiyi kimi, 2003-cü il iyulun 4-də Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi təhlükədə olan Ümumdünya İrs siyahısına daxil edilmişdir. Azərbaycan hakimiyyətinin, xüsusilə indiki I Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aparılan bərpa işləri sayəsində 2009-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, kompleksi UNESCO-nun qara siyahısından çıxarılmışdır. Aslan İsmayılovun vətənşüvənliyi isə UNESCO-nun bu qərarını və onun Xoşməramlı səfiri Mehriban xanımın təşəbbüskarlığını şübhə altına almağa xidmət edir.

Qeyd edək ki, bu məqam I Vitse-prezidentın də diqqətindən yayınmadı. Məlum videolar yayıldıqdan sonra iddiaları yerində öyrənmək üçün İçərişəhərə səfər edən Mehriban xanım hüquqşünasın vətənşüvənliyinə bu cür qiymət verdi:
“Bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib”.

Mehriban xanım ad çəkməsə də, həmin açıqlamasında hər zaman erməni maraqlarının müdafiəçisi qismində çıxış edən Aslan İsmayılovun son hərəkətini yalan, böhtan, qarayaxma, təxribat adlandırmış və bunun nifrət hissindən qaynaqlandığını vurğulayaraq demişdir: “Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir”-deyə Birinci vitse-prezident bildirib”.

Zənnimizcə, UNESCO-nun Xoşməramlı səfirinin bu sözləri həm də öz aləmində Azərbaycan hakimiyyəti içərisində təfriqə salmağa çalışan, beləcə, siyasi mövqeyini gücləndirməyə çalışan Aslan İsmayılova öz yerini göstərməsi baxımından ciddi mesajlar ehtiva etməkdədir. Bu da səbəbsiz deyil. Aslan İsmayılovun kraldan çox kralçılığı nəticə verməyincə, öz aləmində sahiblərinə diş qıcaması mütləq cavablandırılmalı id. Mehriban xanım da incə və olduqca konkret mesajları ilə məhz bunu etdi və bəzi dairələrin Azərbaycan hakimiyyətində ikitirəliklə bağlı yaymağa çalışdıqları iddiaların yanlış olduğunu bir daha təsdiqlədi

Aslan İsmayılovun bu konkret mesajlardan sonra öz facebook çıxışlarına ara verməsi yiyəsi hesab edib ayaqqabısını yaladığı özgə tərəfindən burnu əzilən məlum məxluqun quyruğunu arxasına qısıb kol dibinə qaçmasını xatırladır.

COP29