AST Telmana ağır zərbə – Hesablarına həbs qoyuldu

İsveçrənin Sürix Prokurorluğu Çerkizov bazarının keçmiş sahibi “AST Telman” kimi tanınan iş adamı Telman İsmayılovun borclarının qaytarılması üçün onun bank hesablarına həbs qoyub.

Yenicag.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb.

Məlumata görə, İsmayılovun hesablarına həbs qoyulması üçün məhkəməyə avqustun 19-da, hazırda Rusiyanın VTB-sinə məxsus olan “BM bank” müraciət edib. Məhkəmə bankın vəsatətini iki gün sonra təmin edib.

İsveçrə Prokurorluğu biznesmenin ölkə banklarındakı sərvətinin miqdarını açıqlamayıb.

İddiaya əsasən, “AST Telman” həmin hesabları Rusiyada fırıldaqçılıq yolu ilə əldə edib.

Qeyd edək ki, Rusiyada müflis elan edilən Telman İsmayılov ailəsi ilə birgə Monteneqroda yaşayır. O, 2017-ci ilin noyabrında iki nəfərin qətlini təşkil etməkdə ittiham olunub və İnterpol xəttilə axtarışa verilib.

Bundan əlavə, Telman İsmayılov müğənni Abram Russonun 2004-cü ildə qaçırılmasında ittiham olunur. İstintaqın rəyinə görə, buna səbəb aralarındakı maliyyə münaqişəsi olub.

O, həmçinin borclunun əmlakının ələ keçirilməsi, habelə aktivlərin israfı ilə əlaqəli saxtakarlıqda şübhəli bilinir.