Bu gün Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.
Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb, sonra birgə foto çəkdirilib.
İƏT-in elm və texnologiya üzrə birinci Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub. İƏT-in elm və texnologiya üzrə birinci Sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edir. Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Sammitin açılış sessiyasında çıxış edən Qazaxıstan prezidenti son zamanlar İslam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist və terrorçu təşkilatların yayıldığını təəssüf hissi ilə qeyd edərək bildirib ki, bundan daha çox İslam ölkələri əziyyət çəkir. Eyni zamanda bu, Qərb ölkələrində islamafobiya meyillərinin, eləcə də müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq hallarının İslam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll edilməsinin vacibliyini bildirdi. N. Nazarbayev İslam ölkələrində elmin və texnologiyanın inkişaf etdirilməsi üçün beynəlxalq platformanın yaradılmasının və bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğulayıb. Eyni zamanda bu Sammitin İslam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
Sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan prezidenti Məmnun Hüseyn və digər dövlət başçıları çıxış ediblər.
Sammit işini davam etdirir.