Göz xəstəlikləri və görmənin patologiyaları arasında ən geniş yayılan xəstəliklərdən biri astiqmatizmdir.
Astiqmatizm gözün optik sisteminin çatışmazlığı nəticəsində yaranan görmə itiliyinin zəifləməsidir. Onun əsas səbəbi buynuz qişanın əsas meridianlarda əyrilik radiuslarının fərqliliyidir. Xəstəliyin anadangəlmə və qazanılmış formaları mövcuddur. Anadangəlmə astiqmatizm irsi meyillik, ana bətnində keçirilmiş infeksion xəstəliklər nəticəsində yaranırsa, qazanılmış astiqmatizm buynuz qişanın xəstəlikləri, buynuz qişada keçirilmiş əməliyyatlar və zədələrdən sonra inkişaf edir.
Refraksiyanın dəyişikliyinə görə astiqmatizmin üç forması ayırd edilir: sadə, mürəkkəb, qarışıq. Sadə astiqmatizm gözün bir meridian üzrə sınma qüvvəsi normal göstəricilərdə olsa da, digər meridian üzrə miopiyaya, ya da hipermetropiyaya uyğun olur. Mürəkkəb astiqmatizm fərqli meridianlarda müxtəlif dərəcədə qeydə alınan eyni tip refraksiya pozulmasıdır. Qarışıq astiqmatizm isə gözün bir meridianında miopiya olduğu halda, digər meridian üzrə hipermetropiyanın olmasıdır.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova geniş yayılmış göz xəstəliklərindən olan astiqmatizm haqqında Azərtac-a məlumat verərək deyib:
“Astiqmatizm görüntünün torlu qişada fokuslanmasının pozulması, buna görə də cismin uzaqda və ya yaxında yerləşməsindən asılı olmayaraq, görmə itiliyinin itməsi ilə nəticələnir. Bu da akkomodasiyanın spazmı və bəzi klinik əlamətlərin üzə çıxmasına səbəb olur. Astiqmatizmin simptomlarına gözlərin daim yorğunluğu, başağrısı, başgicəllənmə, görüntünün yayılması və deformasiyası, gözlərin qıyılması və gözdən yaşaxma aiddir. Həmin patologiya uşaqlarda vaxtında müalicə edilmədikdə astiqmat gözün torlu qişasının görüntünü qavrama funksiyası sanki “sönür”, monokulyar görmə yaranır, nəticədə çəpgözlük formalaşır. Astiqmatizmin profilaktikası üçün oxuma, yazma və ümumilikdə gözlərin yüklənməsi zamanı işıqlandırma düzgün olmalı, işıq yuxarıdan düşməli, neon lampalarından istifadə olunmamalıdır.”
Həkim-oftalmoloq astiqmatizm zamanı eynəklər, kontakt linzalar və lazer korreksiyasından istifadə olunduğunu qeyd edib:
“Astiqmatizmin növündən asılı olaraq müsbət və ya mənfi silindrik linzalar istifadə olunaraq eynəklər hazırlanır. Eynəklər görməni müəyyən qədər korreksiya etsə də, bir çox narahatlıqlar törədir, yan görməni məhdudlaşdırır, idman və başqa fiziki hərəkətlərlə məşğul olmağa mane olur. Eynəyin qırılması üzün və gözlərin zədələnməsinə səbəb ola bilər. Bundan əlavə yanlış seçilən eynəklər gözləri daim yorur və astiqmatizm dərəcəsini artırır. Bunlara baxmayaraq eynəklər ən sadə, münasib və təhlükəsiz korreksiya üsulu hesab olunur. 3 dioptriyə qədər yüngül astiqmatizmin korreksiyası üçün xüsusi torik linzalardan istifadə edilir. 18 yaşdan yuxarı insanlarda astiqmatizmin stabil formalarının korreksiyası üçün isə lazer korreksiyasından istifadə olunması məsləhətdir”.