Aşura ilə bağlı maarifçilik istiqamətləri: Valideynlər uşaqlarla bağlı buna diqqət etməlidir – TÖVSİYƏLƏR

15-16 iyul – Aşura günü yaxınlaşdıqca insanların məscidlərə axını güclənir. Bir çox halda valideynlərin azyaşlıları özləri ilə birgə məscidlərə aparmasının şahidi oluruq. Burada da ifrat dərəcədə ağlamaq, üsyan etmək və digər hərəkətlərə yol vermək baxımından uşaqların psixologiyasına mənfi təsir edə bilər. Bəs bu hərəkətlərin qarşısını almaq üçün hansı maarifləndirici tədbirlər həyata keçirilməlidir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, valideynlər çalışmalıdır ki, övladlarını, xüsusilə, azyaşlıları həmin gün məscidə aparmasınlar.

 

“Hər il olduğu kimi, Aşura ərəfəsində məscidlərdə izdihamın yaşandığını şahidi oluruq. İnsanlar öz inanclarından irəli gələrək, ibadət evlərinə davamlı axın edirlər. Burada bir neçə önəmli məqam var. Düşünürəm ki, valideynlər çalışmalıdır ki, övladlarını, xüsusilə, azyaşlıları həmin gün məscidə aparmasınlar”, – deyə o əlavə edib.
C.Məmmədovun fikrincə, digər mühüm məsələ isə insanlara Aşuranın həqiqi mahiyyəti barədə dəqiq və ətraflı məlumat vermilməsidir:

“Təəssüf ki biz hələ də buna nail ola bilməmişik. Hələ də fərdlər bu barədə o qədər də məlumatlı deyillər. Ona görə də belə hallar yaşanır. Ən önəmlisi geniş bir formada maarifləndirmə və təbliğat həyata keçirilməlidir”.

C.Məmmədov qeyd edib ki, məscidlərdə də bu proseslərə nəzarət mexanizmi, baxış olmalıdır:

“Nəzarət həyata keçririlməlidir ki, belə hallar, problemlər baş verməsin. Yəni elə bir nəzarət sistemi qurulmalıdır ki, azyaşlı uşaqlar ora getməsinlər. Çünki burada adətən çox ciddi izdiham yaşanır və uşaqların da həm izdihamdan zərər çəkmə ehtimalı var, həm də burada həyata keçirilən proseslərdə xüsusilə azyaşlıların psixoloji olaraq şüuruna və düşüncəsinə çox ciddi formada mənfi təsir göstərə bilər.
Bu psixoloji təsiri aradan qaldırmaq üçün ciddi addımlar atmalıyıq. Eyni zamanda, Aşuradan lazım olan dərsləri çıxarmalıyıq. Təəssüf ki, biz hələ də Aşura ilə bağlı mövhumat və xurafat hallarını müşahidə edə bilirik. Bu istiqamətsə davamlı olaraq bütün addımların atılmasına baxmayaraq, hələ də insanlarımızın Aşuranı düzgün anlamadığını görürük. Ona görə də televiziyada, kütləvi informasiya vasitələrində davamlı bu təbliğatı aparmalıyıq və məlumat verməliyik. Ona görə ki, onlar bu cür addımlardan çəkinsinlər. Aşura bir qəhrəmanlıq, haqsızlığa qarşı mübarizə məktəbidir. Düşünürəm ki, təbliğat da, maarifləndirmə də bu istiqamətdə olmalıdır ki, məqsədimizə nail ola bilək”.

İsmayıl Bakuvi

COP29