Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun Yeniçag.az-a müsahibəsini təqdim edirik.
– Bu qədər seriallar çəkilir, amma nədənsə, sizi görə bilmirik. Dəvət etmirlər, yoxsa özünüz çəkilmək istəmirsiniz?
– Sözün düzü, özüm çəkilmək istəmirəm. Hər kəs bilir ki, Azərbaycanda çəkilən ilk seriallarda rol alanlardan olmuşam. Yaxşı da qonorar veriblər. Amma indi o pulu verən yoxdur. Həm də səhhətimlə əlaqədar çəkilmək istəmirəm. Bəlkə də yaşıma uyğun bir ağsaqqal rolu olsa, qəbul edərəm. Amma səhərdən-axşama qədər çəkiliş meydançasında olmaq istəmirəm. Buna tab gətirmərəm. Həm də əvvəlki kimi yaddaşım qalmayıb, o qədər mətni əzbərləyə bilmərəm.
– Səhhətiniz necədir, hələ sağalmamısız?
– 13 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Həkimlər dərdimə əlac tapmırdı. Hara gedirdimsə, xeyri olmurdu. Axırda bir həkim dedilər, onun yanına getdim. İndi müalicə olunuram. Bu günlərdə ölümdən döndüm. Gecəyarısı qəfildən pisləşdim, şəkərim qalxdı 400-ə. Təcili yardım maşını gəldi, iynə-dərman elədilər, yoxsa əldən gedəcəkdim.
– İndi necəsiniz?
– Xəstəxanaya gedib-gəlirəm, müalicəm evdə davam edir. Günüm çox vaxt yorğan-döşəkdə keçir.
– İşə gedib-gəlmirsiz?
– Həftədə bir dəfə gedirəm, o da tamaşam olanda. Teatrın kollektivi də mənə çox dəstək oldu, onlara minnətdaram.
– Oğlunuz necədir, həbsdən nə vaxt buraxılacaq?
– Gələn il.
– Yanına gedib-gəlirsiniz?
– Həmişə gedirəm. Bu yaxınlarda doğum günü idi. Bilirdim ki, məni gözləyəcək. Gözünü yolda qoymadım. Evdə tort bişirdilər, apardım. Bir xanım fanatı da var, o da bir tort göndərdi. Müğənni dostum var, Heydər Anatollu, o da mənimlə bərabər getdi. Bütün yolboyu ancaq onu fikirləşirdim ki, axı niyə mənim balamın başına bu iş gəlməliydi ki? Necə təzyiqim qalxdısa, yenə halım pisləşdi. Heydər məni türməyə güclə çatdırdı. Orda mənə ayrıca otaq ayırdılar, iynə-dərman elədilər. Oğlumla da elə həmin otaqda görüşdüm. Emil məni o vəziyyətcə görüb şoka düşdü. O haldaydım ki, uşağın doğum gününü də qeyd edə bilmədim. Elə ordan gələndən xəstəxanalardayam. Ata üçün oğlunu türmədə görmək dəhşətdir.
– Sizcə oğlunuz dəyişibmi?
– Türmədə mənə dedilər ki, oğlunuz çox dəyişib. Özü də deyir ki, ata, daha əvvəlki həyatımla vidalaşmışam. Başı əlhəq daşına dəyib axı. İnanmıram ki, bir də məni bu qədər incitsin. Onsuz da onun başına gələn işlər məni çox sarsıtdı. O cür istedadlı uşaq, indi türmədə olmasaydı, sənətdə nə qədər işlər görərdi. Hər kəs ona görə pis olub. Hamı soruşur ki, Emil nə vaxt türmədən çıxacaq? Oğlumla bağlı çox böyük ümidlərim var. Özüm də onun dəyişdiyini gördüm. Bilirsiniz nə vaxt? Türmədə halım pisləşəndə. Başa düşdü ki, ona görə səhhətimə çox ziyan vurmuşam.
– Dava-dərmana pul çatdıra bilirsiniz?
– Birtəhər çatdırıram. Təqaüdlər alıram və onların çoxu da elə dava-dərmana gedir. Şikayətlənmirəm.
– Deyirəm bəlkə, fikirlərinizin birmənalı qarşılanmayacağından ehtiyatlanırsız? Axı bu yaxınlarda Rasim Balayev də bizə müsahibəsində dərmana pul çatdıra bilmədiyini demişdi. Buna görə çoxları onu qınadı. Amma dövlət sənətkarın müalicəsini üzərinə götürdü.
– Bu xəbərə görə çox sevindim. Rasim Balayev böyük sənətkardır. Sənət adamını da buna görə qınamaq olmaz. Özümə gəlincə, əsas odur ki, diaqnozum bəllidir, müalicə olunuram.
Cəvahir