“Atamla Nuranə yemək yeyəndə qaqamla məni üzü divarda tək ayaqüstə saxlayırlar. Bir dəfə onlar kabab yeyirdilər Hüseyn dedi ki, mən də kabab istəyirəm, Nuranə şişi qızdırıb qaqamın belinə və boynuna vurdu…” – azyaşlı Qulu danışır.
Yenicag.az xəbər verir ki, “Facebook” istifadəçisi Elgün Gəncimsoy azyaşlılara qarşı zorakılıqla bağlı dəhşətli faktlar yazıb. Həmin paylaşımı təqdim edirik:
Gördüyünüz bu uşaqların birinin adı Quludur, digərininsə Hüseyn… Onlar körpə ikən anaları vəfat edib. Himayəsində qaldığı ataları Ağcabədi rayon sakini Xəqani Kazımov Nuranə adlı qadınla ailə qurub. Bu evlilik Nuranənin həyatında üçüncü “hadisə” olsa da, onun heç bir ərindən uşağı olmayıb.
“Axşam atam evə gec gəlirdi. O dəmir oğurlayıb satır. Biz Nuranənin qorxusundan dinməzcə küncdə dayanırdıq. Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb qaqamın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü… ” – deyir, balaca Hüseyn…
Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi nəvələrinə verilən işgəncələrdən çox gec xəbər tutur. Baş verənlərə dəfələrlə şahidlik edir, şəkil çəkir, hüquq mühafizə orqanlarına müraciət edir. Amma cavab ürəkaçan olmur:
“Qızım qaraciyər serrozundan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət elədi. Amma Azərbaycan həkimləri bu əməliyyat üçün bizdən 170 000 manat pul istədilər. Türkiyədəki xəstəxanalərla əlaqə saxladıq. Onlar 120 000 istədilər. İmkanım çatmadı qızımı yaşatmağa. O, dünyasını dəyişdi… Biri bir yaş yeddi aylıq digəri isə iki yaş yeddi aylıq olan nəvələrim atalarının himayəsində qaldı. Onlar Bakıda Zabrat qəsəbəsində yaşayırdılar. Övladımın qoxusunu aldığım nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşdım. Yeznəmə uşaq kimi yalvardım ki, bu körpələri incitməsin. Amma xeyri olmadı. O qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə olmazın işgəncəsini ediblər. Qolun qılıncın sındırıblar. Bunu polis bilməsin deyə ara həkiminə müraciət ediblər. O da əlli manat alıb müalicə edib. Yazıq yetimlərı boğazından və ayağından asıblar… Dağ çəkiblər… Belində siqaret söndürüblər… Barmağın qaynar suya salıblar…” – deyir , Qulu kişi.
“Nuranənin qaqamı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki, bizi döysün. Nuranə də dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərimizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qalırdıq. Qaqamın əli şişmişdi. Mən Nuranəyə qaqamın əlini göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iyənəldi…”, – deyir balaca Qulu…
“Qaqam düz deyir. Bir dəfə ördək hinindən gəlib dedim ki, qardaşıma çörək versin. O bizi yan-yana qoyub ikimizin də boğazına acı istiot tökdü. Sonra da üstümüzə soyuq su səpib çölə çıxardı. Qapını da bağladı…” -deyir balaca Hüseyn.
Vəziyyətdən xəbər tutar tumaz dərhal ailənin ünvanına yollandım. Bizi evdə görən hər iki körpə babaları Qulu kişinin ayaqlarına sarmaşdılar. Yetimlər elə zənn etdilər ki, biz onları babasından alıb işgəncə gördükləri ata evinə aparacağıq. Çox çətinliklə könüllərini aldıq balaca “qəhrəmanların”… Ailənin tək ümidi Azərbaycan ədliyyəsinin mərhəmətinə sığınmağa qalıb. Yalnız onların – Sabunçu rayon məhkəməsinin qərarı ilə uşaq atalarından alınıb babalarının himayəsinə verilə bilər. Məhkəmə iclasının vaxtı isə hələ məlum deyil…
“Məsələ ilə bağlı Zaur Baxşəliyevin verlişinə üz tutduq. Xoşqədəm Hidayətqızının verlişinə getdik. On günlərlə qapıda qaldıq. Hər ikisində bizdən pul istədilər. Sonuncu dəfə Xoşqədəmin verilişinə çıxmaq üçün qızımdan 600 manat istədilər. Pulumuz olmadığı üçün verə bilmədik. Mən Dövlətimizin qanunlarına və onun rəhbərinə güvənirəm. Bu körpələri işgəncədən xilas etsinlər. Onların bizdən başqa heç kimi yoxdur…” -deyir , Qulu kişi…
Ümid edirəm Xocalı faciəsində əsir düşən azərbaycanlı uşaqlarla eyni taleyi yaşayan köməksiz körpələrin səsinə səs verən tapılar. Baş verənlərlə bağlı lazımi ölçü götürülər…