“Rusiya və İran maraqlıdır ki, bu münaqişə alovlansın”.
Bu sözləri şərti sərhəddə Ermənistan tərəfinin atəşkəsi pozması və bunun gətirə biləcəyi təhlükəni Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
O, bildirib ki, atəşkəsin intensiv pozulması mənfi nəticələrə səbəb ola bilər:
“Şərti sərhəddə gərginlik var, atəşkəs intensiv şəkildə pozulur. Amma hər iki ölkənin xarici işlər nazirliyi bəyanat verdi ki, sülhə hazırdırlar. Azərbaycan tərəfi bəyan etdi ki, Ermənistan rəsmi Bakının iki təklifini də qəbul edib. Digər məsələlər mərhələli şəkildə həllini tapmalıdır. Qəflətən atəşkəsin pozulmasının özünün də müəyyən səbəbləri var. Həm Ermənistan daxilində, həm də xarici qüvvələr münaqişənin yatırılmasında maraqlı deyillər. Əksinə, onlar münaqişənin alovlanmasında maraqlıdırlar”.
“Düşünürəm ki, Azərbaycan tərəfi baş verənlərə adekvat olaraq öz hazırlıq işlərini görür. Münaqişənin böyüyüb alovlana biləcəyini istisna edirəm. Çünki iki xalq və hökumətlər də bunu istəmir. Ancaq hər iki dövlət kiçik olduğu üçün xaricdən təzyiqlər bir çox məsələləri həll edir. Ermənistan stabil ölkə deyil, orada həm Rusiyanın, həm də Qərbin dayaqları var. Ən əsas isə Rusiya və İran maraqlıdır ki, bu münaqişə alovlansın. Düşünürəm ki, ən sonda məntiq, ağıl qalib gələcək. Ermənistan rəhbərliyi güc tapıb, bu təzyiqlərə güc gəlib sülhə gələcək. Çünki bütün məsuliyyət Ermənistanın üzərindədir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd