aqil ələsgərAtam Ələsgərə və qardaşım Şahinə ithaf olunur

Bu yazını tarixini bu gün belə xatırlamadığım Dünya Atalar Günündə yazmağa başlamışdım. Tamamlaya bilmədim…

Ardınca, atamın vəfat il dönümü gəldi. Yenə başlamaq istədim. Bacarmadım.

Sonra atamın doğum günü gəldi. Yazmağı çox istədim, ancaq yenə bacarmadım…

Bu gün Şahinin bizim aramızdan ayrıldığı gündür…

Atam kimi 34 yaşında çıxdığımız yolda məni yalnız qoyub, tək başına Haqqa yürüyən qardaşım…

Uşaqlığımdan bəri, 34 yaşından və oktyabrdan nifrət etməyimin səbəbkarı bir ikən, iki edən sirdaşım…

299537_2344371661479_666910733_nİstədim, barı bu gün tamamlayım…

Yenə tamamlamış sayılmaz, ancaq bir an öncə yayınlayıb, qurtulmaq istədim bu yazıdan…

Əks halda hər bilgisayarı açdıqda, bu yazını görür, tamamlamaq fikrinə düşür və bir nöqtədə ilişib qalıram…

Boğazım quruyur, barmaqlarım boş-boş hərəkət edir, bir söz belə yaza bilmirəm…

***

Atalar günüymüş…

Atalar günü ən çox atasızları yaralayar…

Ata dedikdə, qəlbin sıxışırsa, nəfəs yolunda boğulma varsa, atasızsan demək…

Atasızın dərdini ancaq atasız anlar, gerisi nə desə boş…

Atanla keçirdiyin anları yaddan çıxarsan belə, atasız qaldığın anı əsla unutmazsan…

Məsələn, bir payız gecəsi idi. Maşının pəncərəsindən yağışı seyr edirdim. Anam xısın-xısın ağlayır, maşındakı digərlərinin də ağzını bıçaq açmırdı. Tam da Şahini son dəfə gördüyüm yerə yaxın bir yerdə dayandıq. Arxada təcili yardım maşını saxlamışdı. Uşaq beynimə o maşın həkk olsa da, nə biləydim, o maşın atamı gətirir…

Nə biləydim ki, beynimə ikinci maşın atamı itirdiyim ildən 23 il, 19 gün sonra həkk olacaq…

***

Atamı itirdiyimdə məktəbə belə getmirdim. Uşaqdım. Bizdən gizlədilmişdi. Son dəfə ayaq üstə gördüyüm xəstəxanada müalicə olunduğu deyilmişdi. Ancaq uşaq qəlbim bir daha atamı görə bilməyəcəyimi deyirdi. Bəlkə də ölümün nə olduğunu qanmırdım, fəqət gedən gəminin bir daha geri dönməyəcəyini anlamışdım. Atamın şəklini ortaya qoyub ağlayan qadınların nənəmin hansısa qohumunun öldüyünü desələr də, uşaq qəlbim atam üçün ağlayırdı. Ancaq hər gecə atamın geri qayıtması üçün dua edirdim.

Atasızlıqla ilk barışmam başdaşı ilə qarşılaşdığımda oldu.

Yəhya Kamal necə deyirdi:

Artıq dəmir almaq günü gəlmişsə zamandan,

Məchula gedən bir gəmi qalxar bu limandan.

Heç yolçusu yoxmuş kimi səssizcə alır yol;

Sallanmaz o qalxışda nə dəsmal nə də bir qol.

Limanda qalanlar bu səyahətdən kədərli,

Günlərcə qara üfüqə baxar gözləri nəmli.

Biçarə könüllər! Nə gedən son gəmidir bu!

Hicranlı həyatın nə də son matəmidir bu!

Dünyada  və sevən boş-boşuna gözləyər;

Bilməz ki, gedən sevgililər dönməyəcəklər.

Bir çox gedənin hər biri məmnun ki, yerindən,

Bir çox illər keçdi; dönən yox səfərindən.

 

Bəli, mən uşaq ağlımla atamın bu səfərdən dönməyəcəyini anlamışdım. Ancaq ətrafımdakılar mənə yalan satmağa davam edirdilər.

***

Atasızlıq əl tutmağa yeri olmayan nərdivana bənzəyir.

Atan olursa, heç yıxılmarsan, büdrədiyin anda atanın əlindən yapışarsan.

Atasızsan, büdrədiyində yıxılacaqsan.

Başın-gözün yarılacaq, qan-toz içində qalacaqsan.

Ancaq daha güclü olacaqsan.

Qoruyanın olmadığı üçün özün özünü qorumağı öyrənəcəksən.

Atası olan gözünü qırpmadan risk edərkən, sən min ölçdükdən sonra qərar verəcəksən.

Çünki sənin ikinci şansın olmaya bilər.

Yeməklərin ən yaxşısını, geyimlərin ən əlasını sənin üçün alsalar belə, için hər zaman qüssəlidir. “Atam olsaydı” deyəcəksən…

Çünki ata dediyin səni kövrək addımlar atdığın günlərdə əlindən tutan varlıqdır…

Ata dediyin başı dumanlı dağdır…

Ata dediyin günəşdən qorunduğun çinar kölgəsidir…

Ata dediyin bayramındır, şənliyindir…

***

Deyirlər ki, uşaq atası öldüyündə böyüyür…

Əslində yalan da demirlər…

Atan torpaq olmayana qədər uşaqsan…

Atan varsa, əsla yalnız deyilsən, səni dinləyən, sənə arxa çıxan var…

Atanı itirdinsə, heç vaxt fərqinə varmadığın o çinarı itirirsən…

Atan yoxdursa, qapı döyüldükdə, əsla yerindən qalxmazsan…

Çünki sənə oyuncaq alıb gələcək birisini gözləmirsən…

Atan olmayanda evin böyüyü sənsən…

Bir anda yaşının fərqinə varmadan, ağsaqqallığa namizəd olursan…

Öz əlində olmadan dostların şən-şən oynayarkən, sən ağır olmağa çalışırsan…
***

Atamın öldüyü yaşdayam.

Can qardaşımın bizi tərk etdiyi yaşda…

Yenə əllərim titrəyir…

Yenə boğuluram…

Yazmaq, həm də atadan yazmaq çox çətindir…

Atasızlıq, sirdaşsızlıq insanın ruhunu daraldır…

Yox, mən bu yazını bitirə bilməyəcəyəm…

Çalışıram, ancaq alınmır…

Vallah alınmır…

Beyinlə əllər arasındakı əlaqə sanki pozulub…

Ən yaxşısı, bu yazı bütün atasızların adından bir hayqırtı olsun..

Siz bizim nələr çəkdiyimizi hardan biləcəksiniz ki…

Atanız varsa…

Atanızın qədrini bilin…

Yoxsa, sizin də yazınız yarımçıq qalar…

Aqil Ələsgər

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 322
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."