Gürcüstanda polisin 17 saat davam edən əməliyyatında 3 terrorçu öldürülüb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, öldürülənlər arasında Atatürk hava limanında terror aktını planlaşdıran “Təkqol” ləqəbli Çatayevin də olduğu bildirilir. Məlumata görə, Gürcüstan polisi İŞİD terror təşkilatı üzvlərinin olduğu binanı müəyyən ediblər. Daha sonra həmin ərazi mühasirəyə alınıb. Terrorçular və polis arasında silahlı insident baş verib. 17 saat davam edən əməliyyatda 3 terrorçu öldürülüb, 1-i isə sağ ələ keçirilib.
Ölənlərin üçünün də çeçen olduğu bildirilir. İddiaya görə, onların arasında Atatürk hava limanında terror aktı təşkil edən Əhməd Rəcəboviç Çatayev də var. O, qeyri-qanuni şəkildə Türkiyədən Tiflisə keçərək və “sağ əli” olan Aslanpek Cəbrayılovun mənzilində məskunlaşıb. Ələ keçirilən terrorçunun da mənzilin sahibi Cəbrayılov olduğu iddia edilir.
Qeyd edək ki, Çatayev 2012-ci ildən bəri İŞİD liderlərindən Ömər Şişaninin əmrləri ilə fəaliyyət göstərir.