ATƏT Müşahidə Missiyası öz rəyinə yenidən baxa bilərmi? – MSK katibi açıqladı

“Təcrübədə seçkilərə belə qeyri-obyektiv rəy verən müşahidə qrupu olmayıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 11 aprel Prezident seçkilərinə mənfi rəy verən ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Beynəlxalq Müşahidə Missiyasının ilkin hesabatına yenidən baxılması ehtimalını dəyərləndirən Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

Rəhimovun fikrincə, Beynəlxalq Müşahidə Missiyasının ilkin hesabatı heç bir məntiqə əsaslanmır:

“Bu barədə hələlik məlumat yoxdur. Mərkəzi Seçki Komissiyası bununla bağlı mövqeyinin bildirib. MSK beynəlxalq qurumlarla obyektiv əməkdaşlığın tərəfdarıdır.

Onların prezident seçkilərinə subyektiv mülahizələr əsasında münasibət bildirmələri, əlbəttə ki, bizim ürəyimizcə olmadı. Buna görə də MSK belə bir bəyanatla çıxış etdi.

Beynəlxalq müşahidə msissiyalarının öz rəylərini dəyişmək praktikasından danışsaq deməliyik ki, təcrübədə belə qeyri-obyektiv rəy verən müşahidə qrupu olmayıb. Missiyanın seçkilərlə bağlı rəyi qeyri-obyektiv bir yanaşma idi.

Bildiyiniz kimi, prezident seçkilərini sadəcə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu izləmirdi, biz ümumilikdə 894 beynəlxalq müşahidəçi dəvət etmişdik. Onların da mütləq əksəriyyəti seçkilərə dair qənaətbəxş rəy verərək, seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildiriblər.

Ancaq biz Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun verdiyi rəydə məntiq görmürük – axı onlar nəyə əsasən belə mövqedən çıxış ediblər? Bu səbəbdən də, MSK adekvat bəyanat yayıb.

Diqqətli seçicilər də nə baş verdiyini anlaya bilmirlər. Çünki Müşahidə Missiyasının üzvləri seçki günü prosesin normal getdiyi haqda bəyanatlar verdikləri halda, axşam saat 10-11-dən sonra neqativ rəy açıqlayıblar. Bu, gözlənilməz bir haldır. Çox qısa müddət ərzində irihəcmli hesabatın təqdim olunması da göstərir ki, onlar bu işə hazırlıqlı olublar”.

A.Zeynalov