ATƏT Minsk qrupunun həmsədr ölkələri, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar.
Yenicag.az xəbər verir ki, bu barədə Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilmiş görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir.
Sənəddə deyilir ki, ATƏT Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Bəyanatda qeyd edilir ki, həmsədr ölkələr Azərbaycan və Ermənistan liderlərinin sentyabrda Düşənbədə keçirilən MDB sammitinin kluarlarında söhbətindən sonra atəşkəs rejiminin pozulması hallarının azalmasını alqışlayırlar:
“Tərəflər orada əldə olunmuş razılaşmaları davam etdirməyə və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırılıblar. Həmsədr ölkələr yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri səviyyəsində konkret nəticələrə və münaqişənin ədalətli və davamlı sülh yolu ilə həllinə istiqamətlənmiş intensiv dialoqun bərpa ediləcəyinə ümid etdiklərini bildiriblər”.
Həmçinin qeyd edilir ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan münaqişənin sülh yolu ilə həlli üzrə intensiv fəaliyyətə sadiq olduqlarını bir daha bəyan ediblər:
“Onlar 2019-cu ilin əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında bu məqsədlə və yüksək səviyyəli danışıqlara hazırlıq məqsədilə görüşməyə razılaşıblar./Trend/