“ATƏT sədrinin Bakıya gəlişi “növbətçi səfərlər”in davamıdır” – Elxan Şahinoğlu

“Böyük güclər Qarabağ münaqişəsinin həllinə təkan vermirlərsə, bunu ATƏT sədrindən gözləməyə dəyməz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Laychakın Bakıya səfərinin mümkün nəticələrini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, ATƏT sədrinin Bakıya gəlişi “növbətçi səfərlər” silsiləsinin davamıdır:
“ATƏT sədrinin Bakıya bu səfəri hər halda, tanışlıq xarakteri daşıyır. Məlum təcrübədən də bilirik ki, həmin vəzifəyə keçən bu və ya digər diplomatlar növbə ilə Bakı və İrəvana səfərlər ediblər.

Ancaq Miroslav Layçakın bu səfərinin münaqişənin həllinə müsbət təsir göstərəcəyi gözlənilmir. ATƏT-in Minsk qrupu mövcud olduğu iyirmi yeddi ildə bu istiqamətdə qəti addımlar atmayıbsa, bunu Layçakdan gözləmək sadəlövhlük olardı.

Layçak Moskvada keçirdiyi mətbuat konfransında öz xələflərindən daha ehtiyatla danışmağa üstünlük verərək, münaqişənin həllində müsbət impulslar yaranacağına ümid etdiyini deyib.

Ümumiyyətlə, Böyük güclər Qarabağ münaqişəsinin həllinə təkan vermirlərsə, bunu ATƏT sədrindən gözləməyə dəyməz. Ona görə də, bu səfərlə bağlı nikbin fikirlər səsləndirmək üçün əsas yoxdur”.

A.Zeynalov

COP29