ATİB 20 yanvar faciəsini andı – FOTOLAR/VİDEO

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) 20 Yanvar faciəsinin il dönümünü qeyd edib.

Yenicag.az xəbər verir ki, ATİB-in ofisində baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, ATİB İdarə Heyətinin sədri Cemal Yangın, Azərbaycan və Türkiyə iş adamları, tarixçi alimlər və mətbuat nümayəndələri iştirak ediblər.

ATİB İdarə Heyətinin sədri Cemal Yangın 20 Yanvarı qəhrəmanlıq səlnaməsi günü adlandırıb. O, hər il bu günü qeyd etdiklərini və uşaqlarına günün önəmi barədə bildiklərini anlatdıqlarını qeyd edib.

Cemal Yangından sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, bir vətəndaş olaraq yaşadığımız ölkənin, vətən bildiyimiz torpağın tarixini bilməliyik:

“20 Yanvar Azərbaycanın tarixində çox önəmli bir gündür. Nə qədər ağrılı bir tarix olsa da, 20 Yanvar Azərbaycanın önünü açan bir tarixdir. 20 Yanvarda şəhid olan, qazi olan hər kəslə qürur duyuruq. Gənclərimiz, uşaqlarımız bizdən 20 Yanvarın nə olduğunu soruşduqda, bunun cavabını bilməliyik və onlara gerçəkləri anlatmalıyıq”.

Tarixçi alimlər Nuru Məmmədov və Sevda Süleymanova 20 Yanvar faciəsi barədə geniş məlumat verərək, hadisənin yaranma səbəblərini, ondan sonra baş verən prosesləri tədbir iştirakçılarına anladıblar.