!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atılan papaqlara niyə qapı açılmır? – Ənənələr unudulur...

!Reklam – Yazi

Bir neçə gün keçəcək, elimizə-obamıza Bahar gələcək. Bu gün isə İlaxır- Torpaq çərşənbəsidir. İnanclara görə, axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə…

Deyilənə görə, bu gecə bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da başını yerə əyib qalxırlar. İlin axır çərşənbə axşamını öz evində qeyd etməlisən. Əks halda, Novruzu yeddi il ard-arda başqa yerdə qarşılamalı olacaqsan. İlaxır çərşənbənin özünəməxsus adət-ənənəsi var. Şər qarışanda qızlar qulaq falına çıxır, gənclər tonqal qalayır, uşaqlar papaq atırlar. Maraqlıdır, görəsən, media mənsublarının adət-ənənəyə uyğun olaraq, bu günlə bağlı hansı maraqlı xatirələri var?

Yeniçağ.az olaraq onları təqdim edirik:

AFN.az-ın baş redaktoru Həbibə Abdulla bildirdi ki, çərşənbələrlə, Novruz bayramı ilə bağlı ən xoş xatirələri anası ilə bağlıdır:

“Mən Tovuz rayonunun Vahidli kəndindənəm. Təsəvvür edin, 5 uşaq idik, beşimiz də çıxırdıq tonqal başına, otdan tonqal qalayan kim, təkər yandıran, lopa düzəldib hərləyən kim, gecəyə qədər bayırda olurduq. Gecə gəlirdik hamımız hisin içində, burnumuzdan da his tökülürdü. Evimiz kənd evi idi, hamamımız da yox idi. Gəlirdik ki, anam yeməyi bişirib, süfrəni bəzəyib, su isidib yığıb, hamımızı bir-bir yuyundurur sonra süfrəyə oturdurdu. Onun bağladığı kampotlar, turşular, bişirdiyi yeməklər o qədər ləzzətli olurdu ki, üzərindən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də dadı damağımdadır. İndi mən özüm də anayam, böyük qızımı tonqalın başına çıxaranda “ora getmə-bura getmə” deyə qoruyuram ki, hisə batmasın. Halbuki anamın bizi böyütdüyü şəraitdən qat-qat artıq şəraitimiz var. Bir daha deyirəm, o illərdən, çərşənbələrdən mənim üçün ən gözəl xatirə anamın səbri, zəhmətkeşliyi, gözəl yeməkləridir. Konkret hansısa hadisəyə gəlincə, kəndimiz dağətəyi yerdə yerləşir, dərə-təpələr çoxdur ərazisində. Demək olar ki, hər küçənin başında bir təpə var. Hər küçənin gəncləri yığışır tərək toplayır çərşənbələrdə yandırırdılar. Bir dəfə yanan təkər təpədən yuvarlanıb kənddə neçə evin həyətindəki ot tayasını yandırmışdı, bütün küçə alova bürünmüşdü, yanğının evlərə keçməsinin qarşısı ancaq alındı.

Bir dəfə də mən lap balaca idim, evdən qardaş-bacım yığışıb küçəmizin uşaqlarına qoşulub papaq sallamağa gedirdilər. Ağladım məcbur olub məni də yanlarında götürdülər. Evdən bir az aralanmışdıq bir dəstə üzü maskalı, əli dəyənəkli adam üstümüzə hücum çəkdi. Bizimlə olanlar da bunlara qarşı başladılar qışqıra-qışqıra dava etməyə. Qorxudan bağrım yarılmışdı, böyük bacım məni gətirib evə qoyub getdi. Sonralar bildim ki, bu da bir əyləncə növüdür, adətdir, hər küçənin gəncləri papaq sallamaq üçün evlərin üstündə mübarizə aparırlar. Kənddə indi də qalıb bu adət. Ötən il ilaxır çərşənbəni kəndimizdə keçirdik, cavanlar üzlərinə maska taxır dəstə ilə qapı-qapı gəzirlər, hər ailə üçün kiçik konsert düzəldirlər, çalıb-oxuyur, paylarını alır gedirlər. İnanırsız, hər evdə onlar üçün ayrı xonça tutulur ki, uşaqlar gələcək torbalarına tökək. Yeri gəlmişkən, fürsətdən istifadə edib bütün Azərbaycan xalqını ilaxır çərşənbə və qarşıdan gələn Novruz bayramı mübasibətilə təbrik edirəm. Hər bir evdən ruzi-bərəkət, hər bir insanımızın üzündən gülüş əksik olmasın”.

 

 

7new.az saytının rəhbəri Səbuhi Abbasovun sözlərinə görə, ölkəmizdə bir çox özəl bayramlar qeyd olunsa da, Novruz bayramların şahıdır:

“Çərşənbələr isə bu bayrama xüsusi bəzək verir. İlaxır çərşənbəsi demək olar ki, xüsusi gün kimi hər evdə qeyd olunur. Uşaqlıqda papaqatdı, tonqaldan hoppanma adətlərinə daha çox bağlı idim. Bu bağlılıq indi də davam edir. Bir dəfə də yeni ailə quranların qapısını dinləməyə getmişdim. Nəsə qəribə səslər gəlirdi. Bir də gördüm qapı açıldı, sonrası yadımda deyil. Ancaq yadımda qalan odur ki, 6 ay ayağı gipsdə, arxası üstdə evdə yatdım. Bir nüansı qeyd edim ki, ötən illərə nisbətən bu gün kənd yerlərində Novruz daha soyuq qeyd olunur. Ancaq biz bu bayramı yaşatmağa, gələcək nəslə ötürməyə borcluyuq. Bu bayram dostluq, yoldaşlıq, mehribançılıq, xeyriyyəçilik ərəfəsidir”.

Musavat.com-un əməkdaşı Əli Raisin fikrincə, Torpaq çərşənbəsinin özünəməxsus ənənələri olsa da son zamanlar, xüsusilə də Bakıda bunlar demək olar ki, unudulub:

“Yadımdadır ki, uşaq vaxtı qapılara papaq atıb, yumurta döyüşdürürdük. Hətta bir yumurta ilə döyüşüb, 20-sini udmuşdum. Ancaq indi o həvəsdə deyilik. Bu gün uşaqlar da bu ənənələrə meyilli deyillər. Müşahidə edirəm ki, atılan papaqlara da az adam qapı açır. Bəlkə də bu, cəmiyyətin inkişafı ilə bağlıdır. Hər halda mənfi tendensiyasıdır. Ənənələr bir xalqın özəlliyidir və qorunmalıdır”.

“Ədalət” qəzetinin əməkdaşı Sübhan Mahmudov söylədi ki, hər il Novruz bayramı yaxınlaşanda uşaqlığımı xatırlayıram:

“Bayram ərəfəsində uşaqlı- böyüklü hamının üzündə təbəssüm, sevinc olurdu. Bayrama bir ay qalmış Novruza hazırlaşırdıq. Yumurta döyüşdürmək üçün bir ay öncədən yumurtaları yığırdıq. Bayramda müxtəlif oyunlar keçirirdik. Hər bayramda həyətimizdə tonqal qalayıb, ailəlikcə atlanardıq. Bundan başqa, yadıma gəlir ki, çoxlu yumurta döyüşdürərdim.

Udanda çox sevinərdim, özümü göyün yeddinci qatında hiss edərdim. Ancaq uduzanda pis olardım, əsəbimdən o yumurtaları yeyərdim. İstəyirəm ki, bayram ənənələri yaddan çıxmasın. Novruzu ona görə sevirik ki, bu bayramda təbiət canlanır, insanın qanı qaynayır. Bu bayram bizim üçün əzizdir”.

Milli.az saytının əməkdaşı İlkin İzzət qeyd etdi ki, mənim uşaqlığım cənub mirvarisi sayılan Lənkəran rayonunda keçib. Orada Novruz bayramı böyük təmtəraqla qeyd edilir:

“Biz Novruz bayramına hələ bir ay öncədən hazırlaşmağa başlayardıq. Novruz bayramı ilk növbədə yumurta toqquşdurması demək idi. Təbii ki, qalib gəlmək üçün daha möhkəm qabıqlı yumurtaya sahib olmalı idik. Bunun üçün daha hansı yollara əl atmırdıq?! Gah yumurtanı bir ay əvvəlcə ocaqdan çıxarılmış külün içində saxlayırdıq, gah üstünə yapışqan sürtürdük. Bəziləri hətta çoxbilmişlik edib yumurtanın içini boşaldır, ora yapışqan doldururdular. Uşaqlar üçün bayramda ən yaxşı hədiyyə də məhz yumurta idi. Bizim inanclara görə, ilaxır çərşənbədə hamı evində olmalıdır. Kim evdə olmasa, sonrakı 7 ili də çərşənbəni evdən uzaqda qeyd edəcək. Çərşənbə axşamı demək olar ki, bütün həyətlərdə 7 tonqal qalanır. Bütün ev və ya məhəllə sakinləri tonqalın üstündən tullanır. Sonra hamı süfrəyə oturur. Çərşənbə axşamı bizdə qurşaq atılmır. Bəzi bölgələrdə buna papaqatdı deyirlər. Çünki hamı evində olur. Qurşağı yalnız bayram axşamı atırlar. Çünki çərşənbədən fərqli olaraq Novruz bayramının axşamında və bayram günü hamı ev-ev, məhəllə-məhəllə dolaşır, bayramlaşır, sevinir. Bayram günü və ondan sonrakı 2-3 gün ərzində hətta uzaq qohumlara da bir-bir baş çəkirlər. Bu, Novruz bayramının ən gözəl xüsusiyyətlərindən biridir. Hamı bayram payı verir, şirniyyat paylayır. Novruzun ən gözəl xüsusiyyətlərindən biri də budur ki, insanlar qohumları ilə yanaşı dünyadan köçənləri də yad edir, onların məzarı üstünə gedir, təmizlik aparır, Quran oxutdururlar. Mənim üçün ən yaddaqalan hadisələrdən biri də odur ki, bir dəfə mən kosa oldum, dostum keçəl… Həyətlərə girib, kosa ilə keçəlin məşhur nitqini deyir, mahnı oxuyur, pay alırdıq”.

Fins.az-ın redaktoru Fərqanə Allahverdiqızının da Novruz çərşənbələri ilə bağlı çox maraqlı xatirələri var:

“Ən çox sevdiyim adət papaq atmaq idi. Amma çox istəyirdim ki, mənim kimliyimi bilməsinlər. Papaq atanda çox uzağa gedə bilmirdik. Ancaq qonşulara və qohumlara papaq ata bilərdik. Bir dəfə də yaxın qohumumuz mənim papağımı tanıdı və bizi bayram süfrəsinə dəvət elədi.

Elə bilirdim ki, çox pis bir iş görmüşəm. O qədər utandım ki, həmin gecə hamıdan küsdüm. Sanki məni tanıdığına görə hamı günahkar idi”.

 

 

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

1469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv