ATVİB heyəti “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin rəhbərliyi ilə görüşdü – FOTOLAR

Dünən – 11 yanvar 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud Işık və şair, tanınmış ziyalı Hamdi Ayvazoğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsini ziyarət edib.

Yenicagml.az xəbər verir ki, ATVİB heyəti ziyarət sırasında şöbə müdiri, türkoloq Güllü Yoloğlu və şöbənin aparıcı elmi işçisi Mehparə Əliyeva ilə görüşüb. Görüşdə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi ilə gələcək əməkdaşlıq planları, Axısxalı gənclərin elmi tədbirlərə cəlb olunması, Axısxa Türklərinin yaşadıqları bölgələrə etnoqrafik ekspedisiyaların təşkili kimi bir çox vacib məsələlər müzakirə edilib.

Görüş zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi və Dünya Türkologiya Mərkəzinin qarşıdan gələn mart ayıda – Novruz Bayramı ərəfəsində birlikdə təşkil edəcəyi “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq konfrasla bağlı fikir mübadiləsi də aparılıb.

Mövlud Işık, Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin fəaliyyətindən, Qarabağ müharibələri zamanı şəhid olan Axısxalıların igidliyindən, vətən sevgisindən, eləcə də gələcək əməkdaşlığın perspektivlərindən söhbət açaraq, şöbəyə müəllifi olduğu “Axısxalı şəhidlər” kitabını, Vətən Savaşında qazanılan şanlı qələbəyə həsr edilən “Türk Birliyi” jurnalının özəl sayını və qəzetləri hədiyyə edib.

Qeyd edək ki, olduqca səmimi keçən görüşün sonunda xatirə şəkli də çəkilib.