Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində avtoqəza nəticəsində 2 nəfərin ölümününə səbəb olan sürücüyə hökm oxunub.
Yenicag.az-ın məlumatına görə, ibtidai istintaq dövründə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən 1968-ci il təvəllüdlü Azad Rəhimov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökmə görə, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, hadisə ötən ilin aprelində Xəzər rayonu ərazisində baş verib. Belə ki, 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi 30 aprel 2023-cü il tarixdə saat 14:30 radələrində Buzovna-Mərdəkan yolunda Polis Akademiyasına gedən istiqamətdə qeydə alınıb. İbtidai istintaqla müəyyən olunub ki, AUDİ A6 minik markalı 10 VL 800 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Azad Rəhimovun beynində ani olaraq tutulma olmuş, huşunu itirmiş və qarşısında olan Volkswagen Golf minik markalı avtomobili arxadan vurmuşdur. Bu zaman Azadın idarə etdiyi avtomobilin şarları açılmış, birtəhər avtomobili saxlaya bilmişdir. Hadisə nəticəsində AUDİ A6 minik avtomobilinin sürücüsü Wolkswagen Golf minik markalı avtomobillə yanaşı, bir nəfər də cavan oğlanı da vurub.
Həmin yerdə olan şəxslər təcili yardım çağırmış. Təcili yardım avtomobili gələnə kimi piyada ölmüş, Volkswagen Golf avtomobilin sürücüsü isə sağ qalmış və onu təcili yardım avtomobili ilə xəstəxanaya aparıblar. Ancaq həkimlərin səylərinə baxmayaraq, o, 4 gün sonra Avrasiya hospitalında həyatını itirib.
Məhkəmədə ifadə verən dünyasını dəyişən “Wolkswagen Golf” minik markalı avtomobilin sürücüsünün həyat yoldaşı bildirib ki, onun Azad Rəhimovdan heç bir şikayəti yoxdur və onlara təqsirləndirilən şəxsin ailəsi tərəfindən 43900 manat pul ödənilib.