Avarçəkənimiz Avropa çempionatında 9-cu yeri tutdu

Azərbaycan avarçəkəni Ziya Məmmədzadə Belçikanın Mexelen şəhəri yaxınlığındakı Hazevinkel bazasında 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş Avropa çempionatında çıxış edib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Məmmədzadə 1 nəfərlik yüngül çəkili qayıqla 2 000 metr məsafəyə yürüşə qatılıb. O, təsnifat mərhələsində 7 dəqiqə 45,67 saniyə nəticə ilə öz yürüşünün iştirakçıları arasında 5-ci, təsəlliverici yürüşdə 7 dəqiqə 28,92 saniyə göstərici ilə 3-cü yeri tutaraq, B finalına yüksəlib.

Son mərhələdə isə azərbaycanlı avarçəkən finiş xəttinə 7 dəqiqə 28.93 saniyəyə çataraq, 3-cü olub və yekun nəticədə Avropa çempionatını 9-cu sırada başa vurub.

Qeyd edək ki, Avropa çempionatında 30 ölkənin 200-dən çox avarçəkəni mübarizə aparıb.