AVRO-2020: Bakıda keçirilən son oyunda Danimarka yarımfinala yüksəldi – YENİLƏNDİ / VİDEO

AVRO-2020-nin Bakıda keçirilən sonuncu oyununun qalibi Danimarka olub. 

Çexiyaya 2:1 hesabı ilə qalib gələn şimallılar yarımfinala yüksələn üçüncü komanda olub.

Onlar finala gedən yolda İngiltərə – Ukrayna görüşünün qalibi ilə qarşılaşacaqlar.

***

Çexiya Danimarka qarşısında fərqi azaldıb.

Patrik Şik 49-cu dəqiqədə komandasını ümidləndirən qola imza atıb.

***

Çexiya – Danimarka oyununda ikinci qol vurulub.

Qarşılaşmanın 42-ci dəqiqəsində Mehlenin cinah ötürməsini qola çevirən Kasper Dolberq komandasının üstünlüyünü möhkəmləndirib.

***

AVRO-2020-nin Bakıda keçirilən sonuncu oyununda hesab açılıb.

Danimarka erkən qolla önə keçib.

Qarşılaşmanın 6-cı dəqiqəsində Dileyni rəqib qapısının torunu silkələyib.

***

AVRO-2020-nin Bakıda keçirilən sonuncu oyununa start verilib.

Çempionatın 1/4 final mərhələsi çərçivəsində Çexiya ilə Danimarka qarşılaşır.

Hazırda oyunda hesab açılmayıb.

***

Bu gün AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Bakıda keçiriləcək.

Paytaxtımızdakı son oyun Çexiya və Danimarka yığmaları arasında olacaq. Görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Mərhələnin sonuncu görüşü isə Ukrayna və İngiltərə yığmaları arasında olacaq. Bu oyun Romadakı “Olimpiko” stadionunda keçiriləcək.

Bu oyunların qalibi yarımfinalda bir-biri ilə üz-üzə gələcək. Digər yarımfinal görüşü İspaniya və İtaliya yığmaları arasında baş tutacaq.

Avropa çempionatı
1/4 final
3 iyul

20:00. Çexiya – Danimarka
Baş hakim: Byörn Kuypers (Niderland).
Bakı. Olimpiya stadionu.

Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k), 18. Yan Boril

Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq