AVRO-2024: “Türkiyə bir futbol matçına yox, döyüşə çıxacaq”

“Türkiyə bir futbol matçına yox, döyüşə çıxacaq. Bu xüsusilə müdafiədə boşluqlara gətirib çıxara, komandanı çətin duruma sala da bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropa Çempionbatının ¼ final mərhələsində keçiriləcək matçları dəyərləndirən idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, favoritlər təbii ki var, amma cütlərin heç birində bir rəqibin digərini asanlıqla üstələyəcəyini demək olmaz:

“Avropa Çempionatı 2024 finiş düzlüyünə girir. Favoritlər təbii ki var, amma cütlərin heç birində bir rəqibin digərini asanlıqla üstələyəcəyini demək olmaz. Bəli, kimsə kimdənsə heyətinə görə güclüdür, amma biri digərini onu öz mübarizliyi ilə üstələyə bilər. Düşünürəm ki, hər şey meydanda həll olunacaq. Erkən finallar var. İspaniya-Almaniya və Fransa-Portuqaliya matçlarının qalibləri turnirin çempionu adını qazanmağa ən real namizədlərdir. Proqnoz vermək çətindir. Almanlar meydan sahibidir, amma ispanlar da çempionatın ən hazırlıqlı komandasıdır. Bundestimin arxa xətdə problemləri var, rəqib əks-hücumlarında problemlər yaşayırlar, ispanlar isə məhz hücumda güclüdülər. Pireneylilərin qarşısını almaq üçün Nagelsman nəsə xüsusi bir həmlə etməlidir. Doğma divarlar amili bu baxımdan yetərli deyil”.

O qeyd edib ki, fransızlar cütün favoriti kimi görünsələr də, Portuqaliya Sloveniya ilə matçda baş verənlərin təsadüf olduğunu göstərməyə çalışacaq, bunun üçün əlindən gələni edəcək.

“Bu, xüsusilə Ronaldoya aiddir. Son Avropa Çempinatına major notda yekun vurmaq istəyən Kriştianonun bu istəyinə komanda yoldaşları da qatılacaq. Düzdür, bu o qədər də yaxşı fikir deyil, çünki ötən matçda işin necə eybəcər forma aldığını gördük. Ronaldo eqosunu bir qədər azaltmalı, komanda üçün çalışdığını göstərməlidir. Fransa isə favoriti olsa da, hücum xəttində problemləri var, qol vurmaqda çətinlik çəkirlər. Deşamın üzərinə məsuliyyət düşəcək”, – deyə o əlavə edib.

K.Məstəliyev Türkiyə-Niderland oyununundan da danışıb:

“İngilislər də ehtiyatlı olmalıdılar. Amma bu ehtiyat müdafiəyə çəkilmə kimi başa düşülməməlidir. Slovakiyadan fərqli olaraq İsveçrə daha təhlükəli futbolçulardan təşkil olunub, həm döyüşkən, həm də ciddi taktiki intizamı olan kollektivdir. Bəli, ad olaraq İngiltərə daha güclüdür, ön plandadır, amma kağız üzərində güclü olmaq yetərli deyil, bunu yaşıl ot üzərində də sübut etmək lazımdır. Sautqeyt taleyi həll olunur, məğlubiyyət onun sonunu gətirə bilər.

Niderland-Türkiyə matçı isə meydanın özündən çox, ondan kənarda baş verənlərlə müzakirə olunur. Merih Demiralın məsələsində UEFA-nın ikili standartlara yol verdiyini düşünürəm. Belinqemin tərbiyəsizliyinə, sadəcə, pul cəzası verib, türkiyəlini 2 matç cəza vermək niyyəti anlaşılmazdır, qərəzlidir. Cəzadan asılı olmayaraq, bu iş artıq böyüyüb və Türkiyə bir futbol matçına yox, döyüşə çıxacaq. Bu xüsusilə müdafiədə boşluqlara gətirib çıxara, komandanı çətin duruma sala da bilər. Eyni zamanda, böyük istək və əzmkarlıqla daha döyüşkən ruh yaradıb rəqibi üstələməyə yardımçı ola da bilər. Sırf ehtimallara qalsa, proqnoz verilməsi ən çətin cüt məhz bu cütdür. Çünki burda hər şey ola bilər”.

İsmayıl Bakuvi

COP29