“Əgər İspaniya yarımfinalda olmasaydı, Avro-2024-ün, ümumilikdə futbolun imicinə ziyan dəyəcəkdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropa çempionatının yarımfinal mərhələsində keçiriləcək İspaniya-Fransa matçını dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, Avropa çempionatında, demək olar ki, sürpriz yaşanmadı:
“Favorit göstərilən komandalar yarımfinaldadır. Amma bu 4 komandadan yalnız biri – İspaniya futbol adına oynayır. Əgər İspaniya yarımfinalda olmasaydı, Avro-2024-ün, ümumilikdə futbolun imicinə ziyan dəyəcəkdi. Ancaq bu ziyan onsuz da dəyib. Sadəcə, İspaniya bunun miqyasını azaldır. Nədir bu ziyan? Favorit göstərilən komandaların hamısının yaradıcı yox, dağıdıcı futbola üstünlük verməsi. Fransa və İngiltərə kimi yığmaların ultramüdafiə futboluna üstünlük verməsi onların öz azarkeşlərini belə qəzəbləndirir. Deməli, belə oyun fəlsəfəsi futbola əlavə populyarlıq qazandırmır. Belə məqamda futbolun imicini qoruyan yeganə komanda İspaniyadır. İspanlar yaradıcı futboldan imtina etməyiblər. Amma onları yarımfinalda olduqca çətin rəqib gözləyir. Çünki Fransa yaxşı müdafiə olunmağı bacarır. İspaniyanın yaradıcı potensialı onların quracağı “avtobus”u dağıtmağa çatacaqmı? Bu suala birmənalı cavab vermək çətindir”.
N.Muxtarlı qeyd edib ki, bu qarşılaşmanı, əslində, İspaniya üçün erkən final hesab etmək olar:
“İspaniya bu oyunda qalib gəlsə, Avropa çempionatının qalibi olacaq. Əslində, bu iddia elə Fransaya da aiddir. İspaniya səddi keçilərsə, finaldakı rəqibi zərərsizləşdirmək daha asan olacaq. Yarımfinalın ilk qarşılaşmasına birmənalı proqnoz vermək çətin olsa da, əminəm ki, əsl futbolu sevənlər məhz İspaniyanın qələbəsini arzulayır. Fransızlar onlara çoxlu qol imkanları verməyəcəklər, üstəlik, əks-hücumda da çox kəsərli olacaqlar. Amma bütün hallarda, İspaniya qol şansı əldə edəcək. Qalır, onlardan maksimum yararlanmaq. Bu, futbolda vacib amildir. İspaniyanın vuracağı erkən qol da, fransızları daha açıq oynamağa vadar edəcək. Bütün hallarda, ümid edək ki, iki favoritin qarşılaşmasından azarkeşlər zövq alacaqlar, futbol qazanacaq”.
İsmayıl Bakuvi