Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Avropa Azərbaycan Məktəbinin rəhbərliyi valideynlərdən niyə gizlənir? - Şikayət

Valideynlər Avropa Azərbaycan Məktəbinin verdiyi təhsildən narazılıq etdiyi üçün övladlarını oradan çıxarıb, başqa təhsil müəssisəsinə yerləşdirmək istəyir. Ancaq müqaviləyə görə, ödənilmiş təhsil haqqının müəyyən faizi onlara qaytarılmalı olsa da, məktəb bundan boyun qaçırır.

Bu barədə Yenicag.az-a Avropa Azərbaycan Məktəbində təhsil alan şagirdlərdən birinin valideyni olan Vüsalə Hacıyeva məlumat verib.

Vüsalə Hacıyeva bildirib ki, Avropa Azərbaycan Məktəbində təhsil haqqı çox bahadır, ancaq bunun qarşılığında verdikləri təhsilin səviyyəsi qat-qat aşağıdır:

“10 min 500 manat təhsil haqqı ödəmişik. Ancaq uşaqların təhsil səviyyəsi çox aşağıdır. Bunu təkcə mən yox, bir neçə valideyn deyir. Dəfələrlə məktəb rəhbərliyinə şikayət etmişik”.

Vüsalə Hacıyeva qeyd edib ki, şikayət edən valideynin uşaqlarına çox aşağı qiymət yazırlar:

“Şikayət etdiyimiz üçün mənim və bir neçə valideynin uşağına 2, 3 qiymətləri yazıblar. Bu yaxında hətta uşaqlardan birinə 1 qiyməti yazmışdılar. Uşaqlara bu qiymətlər yazılandan sonra motivasiyaları düşür, məktəbə getmək istəmirlər. Buna görə də qərar verdim ki, övladımı həmin məktəbdən çıxarım. Bu zaman isə başqa bir problem ortaya çıxdı”.

“Müqaviləyə görə, uşaq məktəbdən çıxarsa, ödənilmiş təhsil haqqının müəyyən faizi geri ödənməlidir” deyən valideyn bu məbləği tələb etsə də, məktəb rəhbərliyinin bir həftədən çoxdur bu müraciətə əhəmiyyət vermədiyini qeyd edib:

“Bir həftədən çoxdur məktəb rəhbərliyi ilə görüşmək istəyirəm. Ancaq hər dəfəsində deyirlər ki, məktəbdə deyil. Ödədiyim təhsil haqqının müəyyən faizini tələb edirəm, həll edəcəyik deyib, etmirlər. Məktəbin adı “Avropa Azərbaycan Məktəbi”dir, ancaq Avropadan xəbərləri yoxdur. Pul tələb edəndə, təhsil haqqı ödəmək lazım olanda adamın gözün tökürlər, ancaq problem yarananda yoxa çıxırlar”.

Sonda Vüsalə Hacıyeva vurğulayıb ki, Bakı şəhər məktəbləri uşağı məktəbə götürməkdən imtina edir. Buna görə də Təhsil Nazirliyinə və Bakı Şəhər Baş Təhsil İdarəsinə şikayət edib.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Birləşmiş Krallıqda qeydiyyatdan keçib, Azərbaycan, Belçika, Fransa, Almaniya və Birləşmiş Krallıqda nümayəndəlikləri olan ümumavropa təşkilatı – Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilib. Avropa Azərbaycan Məktəbinin direktoru Qari Qrippindir.

Vüsalə Hacıyeva ilə Avropa Azərbaycan Məktəbi arasında bağlanmış müqaviləni də sizə təqdim edirik.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Səxavət Məmməd

www.yenicag.az

4283
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM