Azərbaycanın daha iki boksçusu Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından Yenicag.az-a verilən məlumata görə, Toğrul Quliyev və Səftər Məmmədzadə 1/8 final səddini keçiblər.
T.Quliyev 57 kq çəki dərəcəsində ingiltərəli Sonni Hollinqsvortu 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. S.Məmmədzadə isə 90 kq-da Yan Vimzalı (IBAC) eyni hesabla (30:26, 30:24, 30:27, 30:27, 30:27) üstələyib.
Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq Azərbaycan boksçularının sayı doqquza çatıb. Quliyev və Məmmədzadə ilə yanaşı, Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdiyev (80 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinala vəsiqə uğrunda yarışacaqlar.
Qeyd edək ki, birincilik avqustun 25-də yekunlaşacaq.