Avropa Gənclər Yay Olimpiya Festivalı açıq elan olundu – FOTO

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçiriliib.

Yenicag.az Report-a xəbər verir ki, möhtəşəm tədbir müasir memarlıq incilərindən sayılan “Kristal Zal”da təşkil edilib.

Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçirilir və 28 illik tarixə malikdir. Burada 14-18 yaşlı idmançılar müxtəlif növlərdə mübarizə aparırlar. Olimpiya Festivalının həm qış, həm də yay növləri mövcuddur və iki ildən bir tək illərdə keçirilir. Tədbir Olimpiya ənənələrini özündə əks etdirir – məşəldən başlayaraq idmançı və məşqçilərin, hakimlərin andiçməsinə qədər. Gənc idmançılar üçün bu yarış bacarıqlarını göstərmək, nəyə qadir olduqlarını müəyyənləşdirmək mənasında əla fürsət, Olimpiya zirvəsinə gedən yolda böyük beynəlxalq təcrübədir. Olimpiya festivalı həm də idmançılar arasında möhkəm dostluğun rəmzidir.

Bakı Festivalı 15-cidir və iştirak üçün Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gəlib. Onlar Atletlər Kəndində bir ailə kimi birləşib, Olimpiya ruhunu burada hiss edirlər. İdmançıların məskunlaşdığı bu məkan, heç şübhə yoxdur ki, dördilliyin zirvə yarışı sayılan Olimpiya oyunlarına bir qapıdır.

Atletlər 10 növdə – gimnastika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, atletika, voleybol və güləş yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər. Festival zamanı 12 idman obyektində təxminən 3500 könüllü fəaliyyət göstərir.

Açılış mərasimi yarış iştirakçılarının və qonaqların salamlanması ilə başlanıb. Arenadakı böyük manitorda XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edən Azərbaycan haqda dolğun fikir formalaşdıran video-rolik nümayiş etdirilib. Ardınca isə tamaşaçıların gur alqışları altında Azərbaycan Milli Qvardiyasının əsgərləri dövlət bayrağımızı səhnəyə gətirib və Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbir iştirakçı ölkələrin bayraqlarının gətirilməsi və idmançıların arenaya daxil olması ilə davam edib. Qeyd etmək yerinə düşər ki, builki oyunlarda 48 ölkənin idmançıları iştirak edir. Atletlər paradı müasir Olimpiya oyunlarının vətəni sayılan Yunanıstan təmsilçilərinin gəlişi ilə başlayıb və tamaşaçıların gur, sürəkli alqışları ilə ev sahibi Azərbaycan komandasının arenaya daxil olması ilə yekunlaşıb. Azərbaycan bayrağını cüdoçu Vüqar Talıbov daşıyıb.

Sonra Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov çıxış edib. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın təkcə Avropanın deyil, dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanı müasir, dünyəvi, sabit və demokratik yolla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev idmana da xüsusi həssaslıqla yanaşır və hazırda ölkəmizdə müasir standartlara cavab verən təxminən 50 Olimpiya İdman Kompleksi insanların ixtiyarındadır, onların sosial rifahına xidmət edir.

Avropa Olimpiya Komitələrinin Prezidenti Yanes Koçyançiç çıxışında Prezident İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və bütün tədbir iştirakçılarını salamlayaraq idmançılara qələbə sevincləri arzulayıb. Koçyançiç deyib: “Avropa Olimpiya Komitələrinin 50 üzvünün nümayəndələri olaraq bizim üçün Bakıya – Odlar Yurdu Azərbaycanın küləklər şəhərinə gəlmək evimizə gəlmək kimi bir hissdir. Dörd il əvvəl ilk Avropa Oyunlarını sizin köməyinizlə gerçəkləşdirdik. Oyunlar bizə möhtəşəm təcrübə verdi və bu yaxınlarda Minskdə keçirilmiş 2-ci Oyunlardan sonra qərara aldıq ki, 3-cü Oyunlar Polşanın Krakov şəhərində və Malopolska regionunda təşkil edilsin. Əminliklə deyə bilərəm ki, sizinlə birgə yeni Avropa Olimpiya İrsinin bünövrəsini qoymuşuq. Sizin təşkilati bacarığınıza və sədaqətinizə heç şübhəmiz yox idi. Qətiyyətiniz və könüllülərinizin iş keyfiyyəti, dostluğunuzdan yaxşı xəbərimiz var. Biz onu da bilirik ki, ölkənin edə biləcəyi ən uğurlu investisiya məhz gənclərə edilən investisiyadır”.

Avropa Olimpiya Komitələrinin Prezidenti Yanes Koçyançiçin nitqini Azərbaycan dilində yekunlaşdırması böyük maraqla qarşılanıb.

Sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Fesivalını açıq elan edib.

Ardınca Azərbaycanın tanınmış idmançıları, Olimpiya çempionları həndbolçu Rəfiqə Şabanova və Lüdmila Şubina, cüdoçular Nazim Hüseynov və Elnur Məmmədli, stend atıcısı Zemfira Meftahəddinova və sərbəst güləşçi Namiq Abdullayev Olimpiya bayrağını səhnəyə gətiriblər və qurumun himninin sədaları altında bayraq qaldırılıb.

Olimpiya oyunlarının ənənəsinə uyğun olaraq idmançılar adından Fəxriyyə Tağızadə, hakimlər adından Ələkbər Həsənov, məşqçilər adından isə Rəşad Abdurəhmanov ədalətli oyun naminə obyektivlik və sədaqət andı içiblər.

Nəhayət, səbrsizliklə gözlənilən an yetişib – söhbət yarışın məşəlinin yandırılmasından gedir. İtaliyanın paytaxtı Romadan başlayaraq uzun yol keçən alovu paytaxtın idman obyektlərini gəzərək “Kristal Zal”a Olimpiya çempionu Fərid Mansurov çatdırılıb. Beləliklə, XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəli yandırılıb və düz bir həftə alovlanacaq.

Ardınca açılış mərasiminin “Azərbaycana xoş gəlmisiniz” adlı bədii hissəsi başlanıb. Burada təxminən 500 gəncin gücündən istifadə olunub. Tünzalə Ağayevanın ifasında “Fəxr edirəm ki, azərbaycanlıyam” mahnısının sədaları altında səhnədə teatr qrupları, parkur və breyk-dans qrupu, rəqqas və akrobatlar görünüblər. Onların əksəriyyəti könüllülər olub və aralarında nə peşəkar aktyorlara, nə də əcnəbilərə rast gəlinib. Bakıda keçirilmiş əvvəlki beynəlxalq tədbirlərdən builkini fərqləndirən başlıca cəhət də şou-tədbirdə yerli qüvvələrə üstünlük verilməsidir. Kostyumlar da bizim mütəxəssislər tərəfindən hazırlanıb və qrim işlərini də özümüzkülər həyata keçirib. Bu günün hekayəsi isə zəfərə aparan yol barədədir.

“Külək haqda əfsanə” adlı şounun baş qəhrəmanları Oğlan və Qız obrazı olub. Onlar valideynləri ilə bu şəhərin rəmzlərindən sayılan küləyin adı ilə Bakı ifadəsi arasında bağlılıqdan danışırlar. Azərbaycan odlar diyarıdır, Bakı isə küləklər şəhəridir. Bakının Xəzər dənizi ilə əhatə olunmuş yarımadada, üç tərəfdən küləyə açıq məkanda yerləşməsi diqqətə çatdırılıb. Qızmar günəş altında dayanmış Qızın əlindəki gül ləçəklərini üfürməsi və ləcəkləri küləyin aparması kompozisiyanın təsir gücünü artırıb.

Rəqqaslar böyük butafor kərpiclərlə “Şəhərin yaranışı” adlı teatral-rəqs səhnəcəyi ifa ediblər. Onlar insanın bu şəhərdə yaratmaq, sevmək və yaşamaq istəyini rəqsin dili ilə tamaşaçılara çatdırıblar. Çoxsaylı rekvizit və dekorasiyalar vasitəsilə şəhərin yaradılmasındakı dinamiklik, həyatın canlanması əks etdirilib.

Sonra “Şəhər Günü Bayramı” vokal-xoreoqrafik kompozisiyası təqdim edilib. Səhnədə rəqqas və akrobatlar çıxış ediblər. İstənilən ölkəni, onun xalqını yaxından tanımağın ən yaxşı yolu bayramlarını izləməkdir. Azərbaycan bayramlarında ölkəmizin zəngin mədəniyyəti, milli koloriti və ənənələri bütün dolğunluğy ilə əksini tapır. Sözsüz ki, qonaqpərvərliyimiz də diqqətdən qaça bilməz və əcnəbilər məhz bu xüsusiyyətimizi məxsusi vurğulayaraq daim çox yüksək qiymələndirirlər.

Valideynlər uşaqlara həyatın enişli-yoxuşlu yolunu uğurla keçmək, büdrəməmək üçün məsləhət və tövsiyələrini verir, onlara rəmzi Çörək, Od, Həyat Kitabı, Xarı Bülbül çiçəyi və Zeytun budağı bağışlayırlar. Bu rəmzlərin hər biri nəsillərin enerjisinin və xalq mədəniyyətinin özünəməxsus göstəricisidir. Kompozisiyada Azərbaycan Gimnastika Federasiyasının idmançıları aktyor kimi çıxış ediblər.

Doğru yolu seçməkdə Oğlan və Qıza məhz Həyat Kitabı kömək edir. Çünki əcdadların müdrikliyi və ruhunun gücünün sirri bu kitabda göstərilib.

Ardınca Oğlan və Qız laqeydliyə işarə olan güzgülü insanların əhatəsinə düşüblər. Bu sonsuz labirintlər uşaqları ruhdan salır, lakin onlar Odu yada salırlar və “Atəşgah” ön plana çıxıb. Ruha və millətin gücünə inam atəşi. Zərdüştlərin “Atəşgah” məbədinin sönməyən alovu əsrlər boyu dünya zəvvarlarını cəlb edib. İllər, əsrlər keçir, dünya dəyişir, məbəd isə olduğu kimi qalır və iztirab çəkən insanların yoluna işıq salır.

Akrobatika və rəqs texnikalarının nümayişi rəqabətə işarədir. Uşaqları düşmənçilikdən, ədalətsiz rəqabətdən isə sehrli Xarı Bülbül gülü qoruyur. Sülh və sevgi rəmzi sayılan bu gülün yalnız Azərbaycanda bitdiyini də vurğulamaq lazım gəlir. Görünüşünə görə Xarı Bülbül gülü bülbülə bənzəyir: iki ləçək bülbülün qanadlarını, mərkəzdəki tək ləçək isə dimdikli quş başını xatırladır. Gülün adı da elə bu bənzərlikdən yaranıb. Bu valehedici və zərif güllə bağlı xeyli əfsanə və rəvayət mövcuddur.

Uşaqlar şəxsiyyətsiz insanlarla üzləşəndə çətin duruma düşürlər. Bu zaman isə köməyə Ananın bişirdiyi çörək çatır. Çörək onlara yaşam gücü verir. Ailənin, inamın gücü və Vətən sevgisi qəhrəmanları zəfər yoluna qaytarır. Bu an zalda muğam səslənib – 2008-ci ildə YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilən muğam…

Qələbə çalmaq üçün təkcə istək azdır. Bundan ötrü həm də güc, çeviklik, dözümlülük, mübarizlik və dəqiqlik lazımdır. Bu xüsusiyyətləri səhnədə azərbaycanlı idmançılar nümayiş etdiriblər. Onların ifasında bir-birindən çətin, mürəkkəb tryüklər böyük maraq doğurub. Oğlan və Qızın əllərində tutduqları qələbə rəmzi Zeytun budağından böyük zeytun bağı yaranıb və arxa planda Azərbaycanın xəritəsi canlandırılıb.

Avropa Gənclər Yay Olimpiya Festivalı – “Bakı-2019”un hər bir iştirakçısı ümid edir ki, getdiyi yol onu qələbəyə aparır. Onların hamısına, təbii ki, ilk növbədə, gənc idmançılarımıza uğurlar və qələbə sevinci arzulayırıq. Qoy doğma evimizi xatırladan Çörək, məqsədə çatdıran Alov, əcdadların güc və müdrikliyini verən Kitab, sülh və sevgi rəmxi Xarı Bülbül həmişə onlarla olsun. O zaman zəfər rəmzi sayılan Zeytun budağı başlarının tacı olacaq.

Sonda bütün iştirakçı ölkələrin bayraqları dalğalandırılıb və XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi başa çatıb.