“Gürcüstanın hazırkı “Gürcü arzusu – Demokratik Gürcüstan” hakimiyyəti müstəqil siyasət yürütməkdə maraqlıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.
Siyasi təhlilçi Avropa İttifaqının Brüssel sammitində Gürcüstan üçün ittifaqa qəbul prosesinin dayandırılması ilə bağlı yayılan informasiyalara, habelə bu ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərində Qərbin təsiri ehtimallarına münasibət bildirib.
Onun sözlərinə görə, başda Birləşmiş Ştatlar olmaqla, Qərb Gürcüstanın müstəqil siyasətini qəbul etmir, Mixeil Saakaşvili dövründəki kimi alət olaraq, Tbilisini Rusiya əleyhinə istifadə etmək istəyir:
“Bu baxımdan, hazırkı iqtidar Qərbin yox, gürcü xalqının maraqlarından çıxış etmək istəyir və ona görə də balanslaşdırılmış siyasət yeritməkdədir. Bu gün Qərb Gürcüstanda çevriliş etmək, onu öz təsirinə salmaq niyyətindədir. Oktyabrın 26-da keçiriləcək seçkilərdə, əgər “Gürcü arzusu” hakimiyyətdə qalarsa, bu zaman Qərb “Soros” fondunun maliyyə vəsaitləri, özlərinin Qeyri-Hökumət Təşkilatları və agentura şəbəkəsi vasitəsilə Gürcüstanda çevriliş edə bilər”.
Siyasi şərhçi əlavə edib ki, indiki hakimiyyət qonşularla münasibətini bərpa etmək istəyir ki, Rusiya da burada xüsusi yer tutur:
“Çünki Rusiya Abxaziya və Cənubi Osetiya probleminin danışıqlar yolu ilə həllində maraqlıdır. Çünki güc yolu ilə bu problem həll edilə bilməz. Bu baxımdan, indiki hökumət müstəqil siyasət yeridir, qonşularla dialoqa üstünlük verir. Qərb isə bunda maraqlı deyil, çünki Qərb Rusiyanın cənub cinahını bağlamaq üçün 3 Cənubi Qafqaz respublikasını öz təsirinə salıb Rusiya əleyhinə istifadə etmək istəyir. Bu isə nə Azərbaycan, nə də Gürcüstanın maraqlarına uyğun deyil. Hesab edirəm ki, Birləşmiş Ştatlar Gürcüstanda xaos yaratmaq istəyir, Gürcüstanın Avropa Birliyinə inteqrasiyasının qarşısını almaq üçün təzyiqlər göstərir. Ümumilikdə Tbilisi administrasiyasına edilən təzyiq Gürcüstan xalqının Qərbin təsirinə salınması üçün aparılan siyasətin tərkib hissəsidir”.
Rafi Müslümov