Avropa İttifaqı ilə Rusiyanın “vasitəçilik” İSTƏYİ: “Çalışacaqlar ki, öz mənafelərini ortaya qoysunlar” – Politoloq

“Rusiya hələ də çox güclü və təsirli amildir. Ancaq bütövlükdə proses Ermənistan və Azərbaycanın xeyrinə gedir”.

Bunu Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilən görüşün nəticələrini və Rusiyanın ata biləcəyi addımları şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya hər vəchlə öz varlığını hiss etdirmək istəyəcək:

“Rusiya istəyir ki, bütün məsələlər bilavasitə onun həlledici rolu ilə həyata keçsin. İndiyə qədər baş vermiş hadisələr Rusiyanın istəyinə çatma imkanlarının geniş olduğunu göstərir.

O cümlədən delimitasiya komissiyasının yaradılması ilə bağlı Azərbaycanda və Ermənistanda belə fikirlər səsləndirilib ki, rus mütəxəssislər də prosesdə iştirak edə bilər. Eyni zamanda, tərəflər bildirib ki, istəsələr, Avropa mütəxəsisləri də prosesə qoşula bilərlər. Delimitasiya məsələsinin işə başlaması ilə bağlı qərar qəbul ediləndən, onların tərkibinin və işin başlaması ilə bağlı razılıq əldə ediləndən sonra Rusiya təlaşa düşüb ki, birdən onları unudarlar. Ona görə də tərəflərə aydın sifariş göndəriblər ki, unutmayın, bölgənin ağası hələlik kimdir. Rusiyanın iştirakına tərəflər etiraz etməyəcəklər.

Zəngəzur məsələsi də həll olmaq üzrədir. Orada da Rusiya istəyir ki, hegemonluq onlara məxsus olsun. Rusiya ərazidə öz sərhəd qoşunlarının xidmət keçməsi istəyindədir. Rusiya  bu məsələdə də tərəflərə xatırlatma edir.

Avropa Birliyi öz vasitəçiliyini təklif edir. Təbii ki, Avropa Birliyinin arxasında ABŞ və Fransa dayanıb. Onlar da çalışacaqlar ki, müəyyən mərhələdə öz mənafelərini ortaya qoysunlar”.

Səxavət Məmməd