Avropa Liqasının finalı rəsmən Bakıda!

Bu gün UEFA-nın XIII Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutub.

Yenicag.az xəbər verir ki, UEFA-ya üzv olan 55 milli assosiasiyanın, o cümlədən AFFA nümayəndələrinin də iştirak etdiyi Konqres Cenevrənin “Prezident Vilson” otelində baş tutub. Lakin Azərbaycan üçün daha önəmli qərar İK-nın Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verilib. Bir sıra vacib məsələləri müzakirə edən komitə üzvləri 2019-cu ildə keçiriləcək Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunun final oyunlarına ev sahibliyi edəcək stadionların adına aydınlıq gətiriblər.

Finala iddiaçılar arasında ilk dəfə Azərbaycan da var idi. Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm də Avropa Liqasının 2018/19 mövsümünün həlledici görüşünə namizəd idi. Qitənin ən nüfuzlu klub turnirində bu matça iki iddiaçı vardı ki, Bakının da yeganə rəqibi Madridin “Vanda Metropolitano” stadionu idi. Avroliqada isə Bakı Olimpiya Stadionunun iki rəqibi vardı. Burada da onlardan biri İspaniyanı təmsil edirdi. Sevilyanın “Ramon Sançes Pisxuan” stadionu, həmçinin İstanbulun “Vodafon Park” arenası ikinci dərəcəli turnirə iddiaçı idi.

Öncə UEFA Super Kubokunun hansı şəhərdə keçiriləcəyi müəyyənləşib. UEFA 2019-cu ilin Super Kubok matçının İstanbuldakı “Vodafon Park Arena”da keçirilməsinə qərar verib. Avroliqanın final qarşılaşmasını Bakı Olimpiya Stadionuna həvalə edən qitə futbol qurumu ÇL-in həlledici matçını da Madridin “Vanda Metropolitano” stadionuna təyin edib.

COP29