Avropa Mərkəzi Bankında ilk koronavirusa yoluxma halı aşkarlandı

Avropa Mərkəzi Bankının (ECB) 1 əməkdaşında koronavirusa (Kovid-19) yoluxma halı aşkarlanıb.

Yenicag.az xəbər verir ki, həmin şəxslə yaxın təmasda olan digər 100 işçiyə ehtiyat tədbiri olaraq evdən işləmək tapşırılıb.

ECB daha əvvəl koronavirusun yayılmasının qarşısını almaq üçün iş səyahətini məhdudlaşdırmaq, evdən işləmək, konfrans və iclasları ləğv etmək və yaxud başqa bir tarixə keçirmək kimi tədbirlər görüb. Ötən gün isə qurum 3 500 işçisinin evdən işləməsi üçün “uzaqdan iş sistemi”ni uğurla sınaqdan keçirib.

Qeyd edək ki, koronavirus səbəbi ilə Almaniyanın ən böyük banklarından biri “Deutsche Bank” paytaxt Berlində keçirilməsi planlaşdırılan 150 illik yubiley tədbirlərini ləğv edib. Bundan başqa martın 23-27-də Berlində keçirilməsi planlaşdırılan enerji konfransı da ləğv edilib./Report/