“Fransa və Böyük Britaniyada insanlar arasında hərbi personalın Rusiya-Ukrayna münaqişəsində aktiv iştirak üçün oraya göndərilməsi olduqca qeyri-populyar bir addım olardı. Həm də bu müharibənin sona çatacağına dair heç bir əlamət yoxdur, çünki bir çox ölkə prezident Vladimir Putinin tərəfini tutur və görünür ki, o, bəzi məqsədlərinə nail olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.
Analitik ölkəsinin Ukraynaya hərbi kontingent göndərəcəyi ilə bağlı yayılan informasiyaları şərh edib.
Onun fikrincə, digər tərəfdən, münaqişəyə daha çox cəlb olunmaq ön cəbhədən uzaqda olsa belə, Fransa və Böyük Britaniya əhalisi arasında birmənalı bir addım kimi qəbul edilməyə bilər:
Çünki vaxtilə SSRİ, indi isə Rusiya Qərbin qədim düşmənidir və bütün media xəbərləri universal şəkildə Ukrayna tərəfini dəstəkləyir və balans yaratmağa heç bir cəhd edilmir. Fransa prezidenti Emmanuel Makronla və Böyük Britaniyanın Baş naziri Kir Starmer də öz ölkələrində qeyri-populyardırlar. Xüsusilə də Makron, çünki Fransada siyasət çökmüş vəziyyətdədir və o, siyasi mövqeyini qorumağa çalışır. Starmer isə əvvəlki Böyük Britaniya hökumətinin idarəçiliyi nəticəsində yaranmış tənəzzül şəraitində Baş nazirliyinə yenicə başlamışdır”.
“Avropada ümumi bir qarışıqlıq hökm sürür. Fransa və Almaniyanın siyasəti xaotikdir, çünki bir çox Şərqi Avropa və Uzaq Şərq ölkələri, xüsusilə dı BRICS çərçivəsində Rusiyanın tərəfinə keçir. Prezident seçilmiş Donald Trampın isə Ukraynaya ABŞ yardımını azaldacağı və ya tamamilə dayandıracağı gözlənilir. Bununla belə, Rusiya bu müharibədən və onun təsirlərindən yorulub. Artıq danışıqlar zamanı gəlib çatıb və bu, 2025-ci ilin ortalarında baş verəcək”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov