Avropa ölkəsi vətəndaşlarından nüvə silahı ÇAĞIRIŞI – İmza toplanılmasına başladılar

Latviyada nüvə silahının ölkə ərazisində yerləşdirilməsi üçün imzalar toplanır.

Yenicag.az xəbər verir ki, Manabalss.lv ictimai təşəbbüslər portalında NATO müttəfiqlərinə Latviya ərazisində nüvə silahı yerləşdirməyə çağırış üçün imzaların toplanmasına başlanılıb.

Təşəbbüsün müəllifləri vurğulayırlar ki, istənilən NATO ölkəsi “nüvə çətirinə” arxalana bilər. Təşəbbüsdə qeyd edilir ki, ABŞ-ın nüvə silahları dövlətin ərazisindən kənarda – Belçika, Almaniya, İtaliya və Hollandiyada çoxdan yerləşdirilib.

“Nüvə silahlarının yerləşdiyi ölkələr və hərbi bazalar daha çox qorunur, çünki Birləşmiş Ştatlar öz nüvə arsenalının təcavüzkarın əlinə keçməsinə imkan verməyəcək”, – deyə müraciətdə bildirilib.

İdeya müəllifləri qeyd edirlər ki, Polşa uzun müddətdir ki, ABŞ-ın öz ərazisində nüvə silahı yerləşdirməsi üçün danışıqlar aparır.

Təşəbbüs müəllifləri Seymi NATO müttəfiqləri ilə Latviya ərazisində nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlara başlamağa çağırırlar ki, bu da müdafiənin gücləndirilməsində mühüm addım olar.

Mətndə “Kreml yalnız silahın gücünə, kəmiyyətinə və keyfiyyətinə hörmətlə yanaşır” və həmçinin SSRİ-nin işğalı zamanı Latviyanın 100-dən çox raketin yerləşdiyi nüvə hərbi bazalarına malik olduğu xatırladılır.

“Buna görə də Latviyada nüvə silahının yerləşdirilməsi haqqında danışmaq yeni bir şey olmaz. Lakin sonra onlar işğalçı qüvvələr idi. İndi Latviya müstəqil ölkədir və təhlükəsizliyini necə gücləndirəcəyinə özü qərar verir. Buna görə də biz Seymdən xahiş edirik ki, NATO müttəfiqləri ilə Latviya ərazisində nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlara başlasın və bunun üçün lazımi hüquqi baza hazırlasın”, – deyə təşəbbüs müəllifləri əlavə ediblər.

İndiyədək petisiyada tələb olunan 10 min imzadan 93-ü toplanıb.

İsmayıl Bakuvi

COP29