Avropa Otelində bank müdirini öldürən şəxsə hökm oxundu

bankmudiriBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Sənan Quliyev ömürlük, Mövlüd Səfərov isə 20 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Sənan Quliyevin ömürlük, Mövlüd Səfərovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, keçən il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.(lent)