Avropa Oyunlarına “oyun oynayanlar”

18067Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı-2015” İlk Avropa Oyunları məşəlinin yandırılması mərasimində iştirak etdi. Bütün dünya bu tarixi məqama şahidlik etdi.

Qitə tarixində keçirilən ilk Oyunların başlamasına az zaman qaldığını göstərən bu mərasimin keçirilməsi hər kəsin həyəcanını bir az daha artırdı.

Lakin daxildə və xaricdə daima Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanlar bu mərasimdən sonra da susmadı və görünür, yenə də susmayacaqlar. Onların məqsədi Azərbaycanın əldə etdiyi uğura kölgə salmaqdır.

Amma fakt ondan ibarətdir ki, Avropa Oyunları Bakının və Azərbaycanın tarixində artıq izlər qoymağa başlayıb. Hər keçən gün bir az daha inkişaf edən Bakı, illərdir topladığı təcrübələr nəticəsində bu gün olduqca güclü bir paytaxta çevrilib. Məhz Azərbaycanın dünyaya göstərdiyi güc bir çoxlarının da qəzəbinə səbəb olur.

Xatırlatmaq yerinə düşər ki, Avropa Oyunlarında 6 mindən çox yüksək dərəcəli idmançının iştirakı gözlənilir. Bundan başqa, minlərlə turist ölkəmizə gələcək və buranı daha yaxından tanıyacaq. Məhz “Bakı 2015” Azərbaycanın dünyada təbliğatı baxımından da böyük əhəmiyyətə malikdir.

Amma nədənsə bəziləri bu faktı başa düşmək istəmirlər. Azərbaycan vətəndaşı başa düşməlidir ki, Azərbaycan, Bakı onun doğma evidir. Heç bir sağlam düşüncəli insan istəməz ki, evinə gələn qonaq onun haqqında pis düşünsün. Neqativ fikirlər yaymaqdansa, biz bir olub Avropa Oyunlarına sevinməliyik və birlik göstərməliyik. Avropa Oyunlarının ölkələrində keçməsini istəyən bir çox dövlətlər var və bu gün biz buna nail olmuşuqsa qürur duymalıyıq.

Təbiidir ki, bir çoxları tənqid edəcəklər. Lakin bəziləri sağlam düşüncəyə əsaslanmayan tənqidə əl atırlar. Bu isə onlara heç bir xeyir gətirməz.

Qeyri-vətənpərvər və qarayaxma kampaniyasının bir vasitəsinə çevrilən insanlar “Bakı 2015”in təbliğatının istər ölkə ərazisində, istərsə də müxtəlif ölkələrdə tanıdılmasını istəmirlər. Onlar bu təbliğata lazımsız maliyyənin sərf edildiyini düşünür. Əslində sağlam düşünən şəxs görər ki, dövlətin etdiyi hər bir şey vətəndaş üçündür. Ölkənin və onun paytaxtının ən azı Avropa miqyasında təbliğatının qurulması olduqca mürəkkəb mexanizmlərə söykənir və bu istiqamətdə atılan bütün addımlar xüsusi əhəmiyyətə malikdir. Bu gün Bakını dünya tanıyırsa, deməli məni, səni, onu və ümumilikdə bizi də tanıyır və qəbul edir.

Bundan əlavə, bu gün Avropa Oyunları üçün Könüllü komandası formalaşır. Hansı ki, bu komanda artıq müəyyən biliklərə sahib olacaq və gələcəkdə müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Niyə bütün bu müsbət halları dəyərləndirməyib, mənfiyə can atırıq? Heç bir ölkə qüsursuz deyil. Biz nəzərə alsaq ki, Azərbaycan qısa bir müddət ərzində heç kimin köməyi olmadan bu qədər inkişaf edib, deyə bilərik ki, biz çox güclü xalqıq. Bizim əldə etdiklərimiz göz qabağındadır. Bu gün biz inkişaf edib güclü bir dövlət olmasaydıq, bizə qarşı bu qədər yersiz təzyiqlər də olmazdı.

Bütün bu təzyiqlərə baxmayaraq, biz Avropa Oyunları üçün əlimizdən gələni edib Azərbaycanı uğurla təmsil edəcəyik! Biz gənclərin borcu Azərbaycanın adını hər zaman uca tutmaqdır!

MirHəsən Seyidov

“İrəli” İctimai Birliyinin sədri