Avropa Parlamentindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə

Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

Yenicag.az xəbər verir ki, sənədin əvvəlində 2017-ci ilin noyabrında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsi, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayan Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyası, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə edilir, 2017-ci il üzrə AP-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə illik hesabatına istinadlar yer alır.

Qətnamədə həmçinin qaçqın və məcburi köçkünlərə dair xüsusi bənd əks olunur və burada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının ciddi səylərinə dəstək verilməsinə çağırış edilir.

Sənəddə Azərbaycanın Avropa İttifaqının enerji sahəsində strateji müttəfiqi olduğu vurğulanır.

Bundan əlavə, Avropa Parlamenti (AP), Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış yeni ikitərəfli sazişə dair qətnamə qəbul edilib.

Sənədin 5-ci bəndində yeni sazişin məhz Aİ və Ermənistan Respublikasının ərazisini əhatə etdiyi vurğulanır və bunun ardınca Avropa Komissiyasına Ermənistan vasitəsilə hər hansı məhsulun qanunsuz şəkildə Avropa İttifaqına ixracının qarşısını almaqla bağlı çağırış edilir. Beləliklə, işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına AP tərəfindən etiraz ifadə olunur.

Digər tərəfdən, qətnamədə seçkilərin saxtalaşdırılması, oliqarxik düzən, korrupsiya, ədliyyə sahəsində problemlərə dair çoxsaylı problemlər əhatəli şəkildə əks olunur.

Həmçinin insan hüquqları və media azadlığı, jurnalistlərin təqib olunması, gender bərabərliyi və sair sahələr üzrə tənqidi mövqe ortaya qoyulub.

Sənədin sonunda isə Ermənistanda hələ də fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası ilə bağlı Avropa Parlamentinin ciddi narahatlığı vurğulanır.

COP29