Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Avropa Parlamentinə Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli qətnaməyə görə etiraz bəyanatı ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicag.az-a bildirilib ki, bəyanatda Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul etdiyi qətnamə beynəlxalq hüququn normalarına zidd, obyektivlikdən uzaq və birtərəfli addım kimi qiymətləndirilib. Bu qərarın təməlindəki qərəzli yanaşmanın yalnız Azərbaycan deyil, bütün suveren ölkələr üçün narahatlıq doğurduğu vurğulanıb.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin beynəlxalq hüququn tələblərinə uyğun olduğu diqqətə çatdırılıb.
Bəyanatda qeyd edilib ki, Ermənistanın işğal dövründə törətdiyi mina terroruna, dağıdılmış mədəni və tarixi irsimizə, həmçinin itkin düşən 4 min soydaşımızın taleyinə dair hər hansı obyektiv mövqenin ortaya qoyulmaması təəssüf doğurur.
Otuz il ərzində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin, onların fundamental hüquqlarının pozulmasının diqqətdən kənarda qalması bu qətnamənin birtərəfli, qərəzli mövqedə olmasını bir daha təsdiq edir.