Avropa siyasi təlatümlər ASTANASINDA: Komforta öyrəşmiş insanlar seçkidə iqtidarı cəzalandırır

“Son 10 ilə yaxın müddətdə Avropada sağ təmayüllülər getdikcə daha çox güc toplamağa çalışırlar və bu, müxtəlif səbəblərdən qaynaqlanır”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Avropa İttifaqı Parlamentinə keçirilən seçkilərdə Fransada “ana müxalifət” sayılan Marin Le Penin “Milli Ralli” Partiyasının əzici qələbə qazanmasından sonra Fransa lideri Emmanuel Makronun ölkədə növbədənkənar parlament seçkilərin keçirilməsi ilə bağlı qərar verməsini şərh edib.

O. Qasımov əlavə edib ki, bunlardan biri zəifləyən iqtisadi durumdur:

“Çünki Avropadakı insanlar öz həyatlarında müəyyən dəyişikliklərlə qarşılaşıblar. Eləcə də miqrantlara qarşı etirazların artması, təbii ki, sağ qüvvələrin seçkilərdə daha çox səs toplamasına gətirib çıxarıb. Son illər Ukrayna savaşının şiddətlənməsindən sonra Niderland, Fransa və Avstriyada sağ qüvvələr ciddi şəkildə irəliləyiş əldə etdilər. Hətta Niderland və Avstriyada sağçılar yeganə güc olmağı bacardılar”.

Onun sözlərinə görə, artıq Avropada sağ təmayülün güclənməsinin siqnalları müşahidə olunur:

“Rusiya-Ukrayna savaşı da sözügedən prosesi tətikləyən amillərdən biridir. Çünki bu savaş xeyli vəsait tələb edir və Ukraynaya edilən yardımların çoxu Avropa ölkələrinin kisəsindən gedir. Komforta öyrəşmiş Avropa insanı da həyatındakı mənfi dəyişikliklərə həssas yanaşır və seçkilərdə iqtidarı cəzalandırır”.

“O ki qaldı Fransaya, Fransada ata Jan-Mari Le Penin yaratdığı, indi isə qızı Marin Le Penin rəhbərlik etdiyi Mili Cəbhə Partiyası getdikcə daha çox nüfuz qazanmağa başlayıb. Hazırkı durumda Makronun İntibah Partiyasının ciddi şəkildə məğlubiyyətə uğraması və sağçı qüvvələrin mərkəzçiləri üstələməsi, təbii ki, Makronun Avropa siyasətində rolunun azalmasına gətirəcək hadisələrdən biridir. Fransada növbədənkənar seçkilərə qərar verilib və bunun nəticəsindən sonra baş verənlərə şərh vermək olar. Hesab edirəm ki, siyasi mənzərə məhz o zaman daha aydın olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29