“Avropa Şurasının fəaliyyəti ikili standartların bariz nümunəsidir” – Millət vəkili yazır…

Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Dövlət başçısı öz giriş nitqində Azərbaycan xalqı və ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən bir sıra məsələlərə toxunub.

Şübhəsiz ki, bunların hər biri ayrılıqda ciddi təhlil predmeti olacaq. Eyni zamanda, dövlət başçısı məxsusi olaraq qeyd edib ki, Avropa Şurası və onun Parlament Assambleyası “20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir”.

Sözün əsl mənasında, bu təşkilatın Azərbaycanla bağlı fəaliyyətini ikili standartların və siyasi riyakarlığın bariz nümunəsi kimi qiymətləndirmək olar.

Nizamnaməsinin 1-ci maddəsində məqsədi kimi öz üzvləri arasında onların ümumi mirası olan iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan idealların və prinsiplərin qorunması, həyata keçirilməsi üçün daha çox birliyə nail olunmağı göstərən bu təşkilat, əslində, məqsəd və məramından çox uzaq düşüb.

Beynəlxalq hüquq normalarına qarşı açıq-aşkar üsyan edən Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzə, soyqırımı, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər nəticəsində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə, bir milyondan çox insanın dədə-baba torpaqlarından didərgin düşməsinə Avropa Şurası tərəfindən münasibət bildirilməməsini, əslində, bu qurumun yuxarıda sadalanan zorakılıqları, qəddar və qeyri-insani rəftarı ehtiva edən dəhşətli faktlara haqq qazandırması kimi qiymətləndirmək lazımdır.

Faktiki olaraq, Avropa Şurası və onun Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli mövqeyinin məntiqi davamı separatizmə açıq-aşkar dəstəkdən ibarət olub. Dünyanı bürüyən koronavirus pandemiyasına və bu şəraitdə hər bir dövlətin bütün resurslarının infeksiya ilə mübarizə üçün səfərbər etdiyi bir dövrdə, Ermənistanın və qondarma “Dağlıq Qarabağ Respublikasının” böhran içində boğulduqları zaman çirkin əməllərindən çəkinməyən separatçı rejim öz seçki oyunlarını davam etdirmək fikrinə düşüb.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilən belə sərsəm hərəkətlərin heç bir hüquqi nəticəsi ola bilməz və beynəlxalq birliyin bu məsələlərə münasibəti birmənalı olaraq mənfidir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda qondarma “prezident seçkilərinin” keçirilməsini beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti pisləsə də, Avropa Şurasının Parlament Assambleyası növbəti dəfə mövqesizlik nümayiş etdirərək, susmağa üstünlük verdi.

İnsan hüquqları və əsas azadlıqlarının qorunmasını siyasi təzyiq və siyasi alət vasitəsinə çevirən bu təşkilat bir daha beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsl münasibətini göstərdi.

Dünya miqyasında təhlükəsizliklə bağlı müstəsna rola malik olan Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi məqamların və təkzibolunmaz həqiqətlərin Azərbaycan Prezidenti tərəfindən geniş auditoriyaya çatdırılması, erməni təbliğatının darmadağın edilməsi anti-Azərbaycan qüvvələrini çox narahat edib və onlar beynəlxalq ictimai rəyin ölkəmizin xeyrinə dəyişməsini həzm edə bilməyiblər.

Əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasında yuva quran ermənipərəst qüvvələrdən Azərbaycanın beynəlxalq hüquq normaları və prinsiplərinə, haqq-ədalətə əsaslanan mövqeyinə dürüst münasibət bəsləmələrini gözləmək sadəlövhlük olardı. Əslində, Avropa Şurası bir beynəlxalq təşkilat kimi öz nüfuzunu itirməkdə davam edir və növbəti dəfə məlum qüvvələrin əlində alət olduğunu bir daha sübut etdi.

Lakin beynəlxalq birlik və bu birliyə daxil olan hər bir dövlət, hər bir beynəlxalq təşkilat bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tək bir yolu Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün bərpasıdır.

Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar olması isə bütün bölgədə beynəlxalq təhlükəsizliyin sabitliyini və davamlılığını şərtləndirən əsas faktor kimi dəyərləndirilməlidir.

Nizami Səfərov
Milli Məclisin deputatı