“Avropa siyasi institutları, Avropa İttifaqı, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) və quruma daxil olan əksər ölkələrin siyasi dairələri Azərbaycana qarşı daim qərəzli və düşmənlik siyasəti həyata keçiriblər”.
Bu sözləri Yenicag.az-a açqılamasında Azərbaycanın AŞPA-da Azərbaycan əleyhinə səs verən deputatları “persona non qrata” elan etməsindən sonra qurumun anti-Azərbaycana siyasətindən danışarkən politoloq Sahil Kərimli deyib.
Onun sözlərinə görə, bunun da əsas səbəblərindən biri də budur ki, Azərbaycan daim müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirir:
“Eyni zamanda, Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbə, suverenliyini öz gücü və qətiyyəti hesabına bərpa etməsi, bölgədə yaranan yeni reallıqlarla həmin dairələr barışmaq istəmir.
Əsas məqamlardan biri də budur ki, həmin dairələr daim işğalçı Ermənistanı haqsız və ədalətsiz olaraq dəstəkləyiblər və Azərbaycanın haqlı mövqeyinə qarşı çıxıblar. Əgər bu gün həmin dairələr Ermənistanı dəstəkləyirlərsə və Ermənistan üzərindən müxtəlif oyunlar oynayıb, Azərbaycana qarşı bu cür qərəzli və qarayaxma kampaniyası aparırlarsa, bunun əsas səbəbi odur ki, həmin dairələr Cənubi Qafqazda öz varlıqlarını qoruyub saxlamaq və təzyiqlər etməklə öz niyyətlərinə çatmaq istəyirlər”.
“Hesab edirəm ki, həmin dövrlərdə qərəzli mövqe necə ölkəmiz tərəfindən qətiyyətli şəkildə neytrallaşdırılıbsa, bundan sonra da bu, belə olacaq. Azərbaycana qarşı bu cür haqsız mövqe bu günün siyasəti deyil. Bu daim belə olub, hətta torpaqlarımız 30 il işğalda olanda belə həmin dairələr ciddi cəhdlə Azərbaycana qarşı bu cür qərəzli düşmənçilik siyasəti həyata keçiriblər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov