Avropa Ukraynaya qoşun GÖNDƏRİR? – “Müharibəni dayandırmaq mümkün olmayacaq”

“Avropa ölkələrinin Ukraynaya qoşun yeritməsi ilə bağlı fikirlərin geniş yayılması Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin keçirilməsi və respublikaçı namizəd Donald Trampın yenidən seçkiləri qazanması ilə əlaqədardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi Fransanın “Le Monde” qəzetinin Fransa və Böyük Britaniyanın Ukraynaya qoşun göndərməsi ilə bağlı yaydığı informasiyaları şərh edib.

“Çünki Tramp bildirirdi ki, “Mən müharibəni bir gün ərzində dayandırmaq istəyirəm”. Onun belə bir niyyəti var. Şübhəsiz ki, onun neçə gün ərzində müharibəni dayandıracağı və ümumiyyətlə, bunun mümkün olub-olmaması prezidentliyi dövründə aydın olacaq. Yanvarın 20-də inauqurasiyası keçiriləcək və əgər müharibə dayandırılarsa və əgər hazırda Rusiyanın tutduğu ərazilər çərçivəsində müharibə bitərsə, bu, Avropa üçün böyük təhlükə kimi qiymətləndirilə bilər”.

Analitik əmindir ki, bu günə qədər NATO ilə Rusiya birbaşa döyüş meydanında qarşılaşmasa da, artıq belə fikirlər səslənir ki, müxtəlif aparıcı Qərb dövlətləri öz silahlı qüvvələrini Ukraynaya dəstək üçün göndərə bilərlər:

“Bu isə dünya müharibəsi riskini artırır. Eyni zamanda, Rusiyanın Ukrayna ərazisinə atdığı qitələrarası raketin dağıntı həcmi kifayət qədər qorxunc idi və bu, şübhəsiz ki, Avropa dövlətlərinə siqnal verir ki, belə bir addım atmasınlar. Rusiyanın arsenalında olan və hələ nümayiş etdirmədiyi digər raketləri də bu şəkildə tətbiq edə bilər. Əlbəttə, burada dövlət nümayişi, şantaj, ultimatum və digər məsələlər də mövcuddur. Lakin Avropada Ukrayna ərazisinə silahlı qüvvələr göndərmək fikrini hər kəs dəstəkləmir”.

“Məsələn, İtaliya tərəfi buna qarşı çıxır və bildirir ki, “bir əsgərimiz də Ukrayna ərazisində Rusiyaya qarşı vuruşmayacaq”. Bu fikirlər səslənsə də, hələ faktiki addım atılmayıb. Bu, əlbəttə ki, müharibənin eskalasiyasının miqyasını genişləndirə və daha ağır fəsadlara, faciələrə gətirib çıxara bilər. Bu, həm də Rusiyanı geopolitik ambisiyalarından çəkindirmək məqsədilə söylənilən bəyanatlar kimi qiymətləndirilə bilər”, – deyə o, əlavə edib.

“Digər tərəfdən, bu, Amerika Birləşmiş Ştatlarına bir mesajdır ki, “biz hazırkı vəziyyətlə razı deyilik”. Odur ki, Avropa öz təhlükəsizliyi haqqında daha dərindən düşünməlidir ki, uzun illər ərzində Amerika Birləşmiş Ştatları onlara təhlükəsizlik çətirini təqdim edib və indi də bunu davam etdirməlidir. Tramp yalnız özü, iqtisadiyyatı, əhalisi, ümumi daxili məhsulu haqqında düşünməməlidir. Təhlükəsizlik, ilk növbədə, Avropanın təhlükəsizliyi çox mühüm prioritetdir. Burada ayrı-ayrı maraqlar birləşir, toqquşur və belə bir mövqe yaranır. Lakin burada, şübhəsiz ki, Avropa dövlətləri öz silahlı qüvvələrini Ukraynaya göndərsələr, müharibəni artıq dayandırmaq mümkün olmayacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29