Avropa yenidən erməni yalanına sarılır – Alimlərdən ortaq mövqe

Türk elm xadimləri 14-17 sentyabr tarixlərində Almaniyanın Potsdam Universitetində keçiriləcək qondarma “erməni soyqırımı” simpoziumunu Yenicag.aza şərh ediblər.

“Real soyqırım görmək istəyənlər Ərzuruma gəlsinlər”

Ərzurum Atatürk Universitetinin professoru Betül Aslan Yenicag.az-a məsələni şərh edərkən, bunları söyləyib:

“1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” olaraq qələmə verməyin əbəs olduğu dəfələrlə sübut olunub, buna baxmayaraq, türk əsilli elm xadimlərinin başçılığı ilə belə bir yığıncağın təşkil olunma səbəbini anlamaq mümkün deyil. Biz deyirik ki, I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında yaşayan erməni əsilli vətəndaşların türklərə qarşı həyata keçirtdiyi real soyqırımları görmək istəyənlər Ərzuruma gəlsinlər. 1990-cı illərin əvvəllərindən etibarən aparılan qazıntı işləri, aşkara çıxarılan arxiv sənədləri onların kimlər tərəfindən soyqırıma məruz qaldığını qəti şəkildə sübut edir.”

“İftiraçılardan ağıl və məntiq gözləmirəm”

Yenicag.az-a danışan Kayseri Ərciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı isə hesab edir ki, Şərqi Anadoludan Qafqaza, İrandan Orta Asiyaya və Krıma qədər olan geniş bir ərazidə türklərə qarşı soyqırım həyata keçirtmiş və Soyuq müharibədən sonrakı dövrdə ilk soyqırım olan Xocalı qətliamını törətmiş ermənilərin türkləri “soyqırım”la təqsirləndirməsinin sonu gəlməyəcək:

“Ermənilər özlərinin həyata keçirtdikləri soyqırımları ört-basdır etmək üçün “erməni soyqırımı” iddialarını daim gündəmdə saxlayırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin Perinçek-İsveçrə işində qəbul etdiyi qərarlardan sonra Almaniyada bu mövzuda yenidən bir iclasın keçirilməsində heç bir məntiq yoxdur. AİHM məsələni hüquqi cəhətdən qiymətləndirmişdir, bütün cəhdlərə cavab olaraq da AİHM-in qərarları göstərilməlidir.”

İstanbul Universitetinin müəllimi, Türkiyənin “soyqırım yalanı” üzrə ən məşhur mütəxəssislərindən olan elmlər doktoru Mehmet Perinçek isə Yenicag.az-a bunları söyləyib:

“Avropa İnsan Hüquqları Məhkəməsinin 17 dekabr 2013-cü ildə qəbul etdiyi qərarda 1915-ci il hadisələrinin “soyqırım” olaraq qiymətləndirilməyəcəyinə işarə edilmişdir. AİHM-in bu qərarından sonra hətta İsveçrə və bəzi Avropa ölkələrinin dərsliklərində dəyişikliklər edildi. Bu təqdirdə Almaniyada belə bir iclasın təşkilinə ciddi yanaşmaq lazım deyil. Əgər özləri bu məsələyə belə ciddi yanaşırsa, onda niyə ciddi elm xadimlərini dəvət etmirlər? Obyektiv olmaq iddiasındadırlarsa, niyə əks-fikirli elm xadimləri iştirak üçün müraciət edəndə qəbul eləmirlər? Qoyun öz-özlərinə danışsınlar”.

COP29