!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropada Beynəlxalq usta dərəcəsi alan ilk azərbaycanlı şahmatçı

!Reklam – Yazi

1473236736_1Mirağa Ağayev: “52 yaşında 22 yaşlı azərbaycanlı gəncə uduzmaq erməni rəqibimə çox təsir etmişdi”
Onu İtaliya mediası “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” və s. başlıqlarla tədim edir. Azərbaycan mediasında hələ tanınmayan Mirağa Ağayev yaşının az olmasına baxmayaraq, İtaliyada şahmat sahəsində bir sıra ilklər imza ataraq tarixə düşüb. Qeyd edək ki, M.Ağayev 1993-cü ildə Ucar rayonunda anadan olub. 10 yaşından İtaliyada yaşayır. Hazırda Romada Sapienza Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 3-cü kurs tələbəsidir. Eyni zamanda şahmat üzrə dərslər keçir. İtaliyada və digər ölkələrdə keçirilən beynəlxalq şahmat yarışlarının iştirakçısı və qalibi olub. 50-dən çox seans verib.

Ümumdünya Şahmat Olimpiadası çərçivəsində ölkəmizə gələn M.Ağayevlə həmsöhbət olduq.

-Sizdə şahmata maraq nə vaxtdan yaranıb?

-Uşaq vaxtı mən çox sakit olmuşam. Atam da fikirləşdi ki, sakitəm deyə, çox yaxşı şahmatçı ola bilərəm. Ucarda Fuad adlı şahmat müəllimi var, atamın dostudur. O da dedi ki, mən gələcəkdə güclü şahmatçı ola bilərəm. Ona görə də atam məni hələ bağça yaşımda Ucarda şahmat məktəbinə yazdırdı. Mən o zaman həm də uşaq bağçasına gedirdim. Bizdə də şahmat məktəbi ilə uşaq bağçası bir-birinə çox yaxın idi. Şahmat məktəbinin pəncərəsi bağçanın həyətinə açılırdı. Günortalar bağçada mənim yatmaqdan xoşum gəlmirdi. Uşaqlar yatanda bağça müəllimələri məni pəncərədən verirdilər şahmat məktəbinin müəllimlərinə. Bağçada uşaqlar oyananda isə şahmat məktəbinin müəllimləri məni verirdilər bağça müəllimələrinə. Bir sözlə, mənim uşaq vaxtı oyuncaqlarım şahmat fiqurları olub.
Orta məktəbdə oxuyanda da şahmat üzrə zona və respublika yarışlarında iştirak edirdim. 2003-cü ildə biz ailəvi olaraq İtaliyaya köçdük. Biz öncə Milanda yaşadıq. Orada da şahmat məktəbinə gedirdim. Artıq 10 yaşım var idi, birinci dərəcə kimi oynayırdım. Məktəbdə qrossmeyster var idi. O dedi ki, dünyada mənim kimi uşaqlar çox azdır.
Sonra biz İtaliyanın Kaneli şəhərinə köçdük. Orada da yarışlarımı davam etdirdim. Kaneli kiçik şəhər olduğuna görə şahmat az oynadım. Çünki orada şahmat məktəbi yox idi. Şahmat orada ancaq klublarda oynanılırdı. Sonradan oyunlarımı intensivləşdirdim və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib oldum. Daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etdim.

-İtaliyada keçirilən bütün şahmat yarışlarında iştirak edirsizmi?

-İtaliyada keçirilən çox yarışlarda iştirak etmişəm. Şimaldan cənuba İtaliyanın bütün şəhərlərində yarışlarda olmuşam. Ümumiyyətlə, təkcə İtaliyada deyil, bir çox ölkələrdə keçirilən beynəlxalq yarışlarda iştirak etmişəm.

-Hansı nailiyyətlər əldə edibsiz?

-2013-cü ildə Fidemaster adına layiq görüldüm. Şahmatda Beynəlxalq usta olmaq üçün norma yığmalısan. Mən də normanı yığıb nəhayət Beynəlxalq usta dərəcəsini aldım. Bu da şahmatda ikinci ən böyük dərəcədir. Bundan sonra hədəfim qrossmeyster adını qazanmaqdır.

-Siz İtaliyaya gedəndə Azərbaycanı tanıyırdılarmı?

-Biz İtaliyaya gedəndə Azərbaycanı heç kim tanımırdı. Yarışlarda oynayanda azərbaycanlı olduğumu deyəndə, bizdən xəritədə bu ölkəni göstərməyimzi istəyirdilər. Sonra mən qalib olandan sonra İtaliya qəzetlərinin birində “Bakıdan gələn oğlan” başlıqlı məqalə dərc olundu. Getdikcə orda Azərbaycanı tanımağa başladılar. Bu, əlbəttə ki, tək mənə görə deyildi. Son zamanlar Azərbaycan-İtaliya münasibətləri daha da möhkəmlənib. Səfirliyimiz də mütəmadi olaraq Azərbaycanla bağlı tədbirlər keçirir. Bütün bunların da Azərbaycanın İtaliyada tanınmasında mühüm rolu var. Bu da bizdə böyük qürür hissi yaradır.

-Azərbaycanlı şahmatçı kimi italyanların sizə münasibəti necədir?

– Çox gözəl. Orada öncə insanın özünə qiymət verirlər. Məsələn, mənim İtaliyada bir neçə yaxın dostlarım var. Onlar mənə orada çox dəstək göstərirlər. Mənim əksər yarışlarımın xərcini onlar ödəyiblər.
Xüsusən İtaliya mediası hər zaman mənim uğurlarımı işıqlandırır. Bir çox hallarda bizim xəbərimiz olmadan onlar mənim haqqımda yazı verirlər. Hətta bir dəfə atam səhər kafedə qəzetləri vərəqləyərkən təsadüfən qəzetdə mənim haqqımda yazını görmüşdü. Elə bir həftə bundan əvvəl İtaliyanın məşhur jurnalistlərindən biri olan Gaia Ferraris mənimlə əlaqə saxlayıb “La Stampa” qəzeti üçün haqqımda yazı yazmaq istədiyini bildirdi.

-İtaliyanın məşhur şahmatçılarından kimlərlə əlaqəniz var?

-İtaliyanın məşhur şahmatçılarından hamsı ilə əlaqəm var. Olardan Mikela Qodina, Sabinu Brunellu, Daniel Vokaturonun adını çəkə bilərəm.

-Bəs Azərbaycan şahmatçıları ilə hər hansı əlaqəniz varmı?

– Azərbaycan şahmatçıl arından çoxunu tanıyıram. Burada şahmatçı dostlarım da var. Rəhmətlik Vüqar Həşimovla çox yaxın münsibətimiz var idi. Onunla virtual olaraq çox yazışıb, danışırdıq. Bakıda da görüşmüşdük. Çox gözəl insan idi.

– Ümumdünya Şahmat Olimpiadası ilə bağlı təəssüratlarınız necədir?

-Məni bu Olimpiadaya İtaliya Şahmat Fderasiyası göndərib. Mən İtaliya vətəndaşı olmadığım üçün burada oyunçu kimi iştirak etmirəm. Burada həm İtaliya komandasında qızların məşqçi və köməkçisi, həm də İtaliya Şahmat Fderasiyasının prezidentinin tərcüməçisiyəm.

-Siz erməni rəqiblə qarşılaşıbsızmı?

– Keçən il İtaliyanın Bratto şəhərində keçirilən yarışda mən Beynəlxalq usta norması üçün oynayırdım. Axırıncı turda rəqibim 52 yaşlı erməni Karen Movsisyan idi. O, Ermənistanın baş məşqçisi olmuşdu və qrossmeyster idi. Yarışda birinci dərəcə üçün oynayırdı. Əgər heç-heçə etsə idi birinci yerə çıxırdı. Məni isə heç-heçə məni qane etmirdi. Oyun 4-5 saat davam etdi. Sonda mən onu uddum. O, üzümə baxmadan, əl vermədən saatı saxlayıb əsəbli şəkildə fiquru aşırıb getdi. Hansı ki, etiket qaydlarına görə, uduzan əl verməldir, fiqurları yerinə qoymaldır və s. Ona çox təsir etdi ki, 52 yaşında 22 yaşlı azərbaycanlı gəncə uduzub. Onun reytinqi cədvəldə birinci yerdən 6- yerə düşdü. Mən isə Beynəlxalq usta normasını yığıb 2-ci yerə çıxdım.

-Sizin təhsil aldığınız sahə ilə maraqlarınız üst-üstə düşümür. Bu fərqliliyin öhdəsindən necə gəlirsiz?

– Hə, bu çox çətindir. Bizim çox çətin imtahanlar olur. Bəzən 3 min səhifəlik kitablar oxumaq məcburiyyətində qalırıq. Belə zamanlarda da şahmatla məşğul ola bilmirəm.

-Şahmatın sizin biliyinizin artmasında, təhsilə yiyələnməyinizdə nə kimi köməyi var?

-Mən Azərbaycanda orta məktəbdə oxuyanda riyaziyyatı, eləcə də humanitar fənləri əla bilirdim. İtaliyada orta məktəbdə təhsil alarkən riyaziyyat fənnində hesablamaları özüm beynimdə edirdim. İtalyan şagirdlər isə kalikulyatordan istifadə edirdilər. Bu, müəllimlərin diqqətini çəkmişdi. Həmçinin Coğrafiya dərsində bütün paytaxt adlarını, ölkələri və s. əzbərdən deyəndə, müəllim məəttəl qalmışdı. Müəllimlər deyirdilər ki, gərək uşaqları göndərək Azərbaycanda təhsil alsınlar. Yəni onlar bizim təhsilə heyran qalmışdılar.
Əlbəttə ki, mənim şahmatçı olmağım da təhsilimə kömək edib. Çünki şahmat oynayanda yaddaş güclənir, fikirləşmək, düşünmək qabiliyyəti artır. Şahmat həm də insana udmağı, uduzmağı, mübarizə aparmağı öyrədir. Sadəcə, hər şey insanın özündən asıldır.

-Ümumiyyətlə, İtaliyada şahmat nə dərəcədə inkişaf edib?

-İtaliyada şahmata maraq Azərbaycandakı kimi deyil. Azərbaycanda şahmat çox inkişaf edib. Məsələn, Olimpiadanın açılışında cənab Prezident də iştirak etdi. Amma İtaliyada belə bir şey mümkün deyil. Çünki İtaliyada şahmata o qədər də üstünlük vermirlər. Ona görədir ki, mən ora gedəndə 10 yaşında şahmat oynayan yeganə uşaq idim. Azyaşlı olsam da, həmişə böyüklərlə oynayırdım. Çox vaxt da seanslarım olurdu. Hətta mən ora gedəndən sonra orada uşaqlar arasında şahmata böyük həvəs yarandı.

İtaliyada 20 region var. Biz qalan Pemonte regionunda heç vaxt məşhur şahmatçı olmayıb. Mən o regionda Beynəlxalq usta adını alan ilk şahmatçı kimi tarixə düşmüşəm.

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv