Avropada enerji şirkətlərinin borcu 1,7 trilyon dollara çatır

Avropadakı şirkətlərin borcları 2020-ci illə müqayisədə 50 faizdən çox artıb.

Yenicag.az “Sözcü”yə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən neft və təbii qazın qiymətinin artması bu şirkətlərin borc yükünü artırıb.

Avropada enerji sektorunda fəaliyyət göstərən şirkətlər və dövlət qurumları artan neft və təbii qaz qiymətlərinin xərclərini qarşılamaq üçün daha çox borc almağa başlayıblar.

Belə ki, enerji böhranını aradan qaldırmaq üçün Almaniyanın “Uniper” şirkətinin 9 milyard avro, Çexiyanın “CEZ CP” enerji şirkətinin isə 3 milyard avro məbləğində vəsait axtardığı bildirilir.

“Bloomberg” agentliyinin məlumatına görə, enerji sektoru üçün ən azı 24 milyard avro maliyyələşdirmə səylərinin göstərildiyi qeyd edilib. Bölgədəki elektrik şirkətləri ilin ilk 6 ayında 45 milyard avro istiqraz və 72 milyard avro kredit götürüb.

“Uniper” artan xərcləri müştərilərə ötürmədən spot bazarlardan yüksək qiymətlərlə qaz tədarük etməli olduğu üçün gündə on milyonlarla avro itirir. Ümumilikdə, enerji böhranı səbəbindən Avropa iqtisadiyyatı ciddi siqnallar verməkdə davam edir.

Gülşən Şərif