Avropada eynicinslilərin nikahına “İCAZƏ BUMU”: “Lut peyğəmbərin dövründə də belə hadisələr…”

“Yunanıstan kimi bəzi az təminatlı ölkələrin eyni cinsdən olan şəxslərin nikahını leqallaşdırmasında əsas məqsədi Avropa İttifaqından daha çox pul qoparmaqdır”.

Bu fikirləri son dövrlərdə bir çox Qərb dövlətlərində eynicinslilərin nikahının qanuniləşdirilməsi tendensiyasının artmasının səbəblərini şərh edən ilahiyyatçı-psixoloq Fazil Əhmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, eynicinsli şəxslərin nikahlarına icazə verilməsinin başlıca səbəblərindən biri dünya əhalisinin sayının artmasını süni şəkildə əngəlləməkdir:

“Cəmiyyətimiz bu tendensiyanın özbaşına yaranmadığını, məqsədyönlü şəkildə idarə olunduğu bilməlidir. Elə bir vəziyyət yaranıb ki, belə neqativ hallar artıq müsəlman cəmiyyətlərinə də sirayət etməkdədir. Eynicinsli şəxslərin nikahlarına icazə verilməsinin əsas səbəblərindən biri dünya əhalisinin sayının artmasını süni şəkildə əngəlləməkdir.

Bu tendensiya Qərb dövlətlərində yaranıb genişlənsə də, nəzərdə tutulan ölkələrin əhalisinin eynicinslilərin nikahını birmənalı olaraq dəstəklədiyini söyləmək doğru olmazdır. Həmin ölkələrdə, o cümlədən, ABŞ-ın özündə də belə halları rədd edən, buna qarşı çıxan çox sayda təşkilat mövcuddur. Hətta həmin təşkilatların çəkdikləri sənədli filmlərdə eynicinslilərin nikahı, birgə yaşaması cəmiyyət üçün təhlükə kimi göstərilir.

Əlbəttə, bu halların əsas fəsadlarından biri insanların mənəviyyatının deqradasiyaya uğraması, nəsillərin kəsilməsi ilə ailə inustitutunun tədricən sıradan çıxarılmasıdır. Qərb cəmiyyətində ailə institutunun zəifləməsi bu yöndə tənqidi yanaşmanın səngiməsidir. Artıq cəmiyyətlər belə hadisələrə tənqidi yanaşan şəxsləri az qala, linç edirlər.

“Qurani Kərim”də də bu məsələ xüsusi qınanılıb. Lut peyğəmbərin dövründə belə hadisələr baş vermiş və bunun inkişafı nəticəsində Allah tərəfindən həmin qövmə xüsusi bir cəza nazil olub. Cəmiyyətdə bunun açıq-aşkar yayılması mənəvi keyfiyyətlərin aşınması baxımından, böyük təhlükədir.

Yunanıstan kimi bəzi az təminatlı ölkələrin eyni cinsdən olan şəxslərin nikahını leqallaşdırmasında əsas məqsədi Avropa İttifaqından daha çox pul qoparmaqdır. Yoxsa heç bir ölkə əhalisinin sayının azalmasını, ailə institutunun məhv olmasını istəməz. Fikrimcə, Yunanıstan bu addımı vurğuladığım amillərin təsiri altında atıb”.

İsmayıl Bakuvi

COP29