Avropada ifrat sağçıların REVANŞI: “Baş verən geosiyasi proseslər onu göstərir ki…”

“Belə bir ümumi ifadə var ki, “tarix hər zaman təkrarlanır və mütləq tarixdən dərs çıxarmaq lazımdır”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq İlyas Hüseynov deyib.

O, Avstriyada keçirilən milli seçkilərdə ifrat sağçıların qələbə qazanmasından sonra Avropa siyasi sferasında yüksələn sağla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu gün dünyada baş verən geosiyasi proseslər onu göstərir ki, sanki keçmişə yönəlmiş bir sıra addımlar özünü göstərməkdədir:

“Xüsusilə Avropa Parlamentində sağçıların nəticə ortaya qoyması, həm də uzun illər ərzində müxtəlif düşüncələrə və siyasi cərəyanlara sadiq olan qanadların politik xallar qazanması və digər oturuşmuş liberal-demokrat tərəfin tənqidi üzərində siyasi olimpə doğru qalxmaları artıq müşahidə olunur”.

“Bilirik ki, Avstriya nasizmin əsas mərkəzlərindən biri olub və XX əsrdə İtaliya-Yaponiya-Almaniya bu yolu tutaraq işğalçılıq planlarını irəli sürdülər və daha sonra çox acınacaqlı şəkildə məğlub oldular. Bu gün də sanki o düşüncəyə qayıdış özünü göstərməkdədir və ayrı-ayrı parlamentlərdə də faşizmi təbliğ edən, ona sadiq olan müxtəlif qruplar mandat qazanırlar. Almaniyada da bu tipli partiya mövcuddur. “Alternative für Deutschland”–AfD (“Almaniya üçün Alternativ” – red.) partiyası həm də get-gedə bu ölkədə nüfuz qazanır. Lakin əsas məsələ bundan ibarətdir ki, faşizmin mənfi tərəfləri yox, əksinə, onun müsbət yönləri təbliğ olunur, ətrafında gəncləri toplayır, alternativ fikirli şəxsləri cəmləşdirə bilir ki, bu da dünya üçün yeni təhdidə çevrilə bilər”, – deyə o, əlavə edib.

İ. Hüseynov onu da diqqətə çatdırıb ki, biz uzun illər Ermənistanın da faşizmə sadiq gənclərinə rast gəlmişik:

“Nemesis” hərəkatına abidə qoyulması, eyni zamanda, Qaregin Njdenin abidəsinin sökülməməsi, Drastamat Kanayanın adına küçə və prospektlərin olması Ermənistanın özündə faşizmə münasibətin göstəricisidir. Yəni dünyanın dəyişməsi, transformasiyaya məruz qalması, qlobal müharibələr, koronavirus pandemiyası sonrası dünya nizamında keçmişə yönəlmiş bir sıra fəaliyyətin icra olunduğunu görürük. Lakin, mənə elə gəlir ki, bütün bunlar dünyada yeni çaxnaşmalara, bölgülərə və siniflərə gətirib çıxaracaq ki, bu da yeni gərginliyin ilkin işartılarıdır”.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfə Avstriyada ifrat sağçı, qatı Rusiyayönümlü və Kremlpərəst Avstriya Azadlıq Partiyası (Freiheitliche Partei Österreichs–FPÖ) qalib gəlib. Partiya seçkilərdə 29.1% səs toplayıb.

İkinci yerdə isə hazırkı baş nazir Karl Nehammerin Avstriya Xalq Partiyası (Österreichische Volkspartei–ÖVP) 26.2% səs toplayıb.

Nüfuzlu “Politico” nəşri bununla bağlı yazır ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfə Avstriyada faşist baxışlı bir partiya milli seçkilərdə qalib gəldi.

Qəzetin məlumatına görə, 1950-ci illərdə bir qrup nasist veteranı tərəfindən yaradılan Avstriya Azadlıq Partiyası 29,1% səslə hazırda koalisiya hökumətinə rəhbərlik edən sağ mərkəzçi Avstriya Xalq Partiyasını qabaqlayıb.

Əgər proqnozlar özünü doğrultsa, partiyanın qələbəsi Mərkəzi Avropada Putinlə dost olan Avropa blokunu genişləndirə bilər.

Rafi Müslümov

COP29