Avropada narahatlıq davam edir: Son 500 ilin ən böyük quraqlığı ola bilər

İqlim dəyişikliyinin yaratdığı ekoloji problemlər bütün dünyada quraqlıq təhlükəsinin ölçüsünü sürətlə artırsa da, bunun ən bariz təsirləri bu yay Avropa qitəsində müşahidə olunur.

Yenicag.az xəbər verir ki, yay aylarında həddindən artıq istilərə və meşə yanğınlarına təslim olan Avropada İtaliya, İspaniya, Almaniya, Böyük Britaniya, Portuqaliya və Fransada yaşanan quraqlıq rəsmiləri və ictimaiyyəti narahat edir.

Avropa İttifaqının (Aİ) Birgə Araşdırma Mərkəzinin hazırladığı “Avropada quraqlıq 2022” (Drought in Europe 2022) hesabatında qitədə son 500 ilin ən pis quraqlıq ehtimalına diqqət yetirilib.

2022-ci ilin iyul ayı quraqlıq hesabatına görə, Britaniya da daxil olmaqla, Avropa torpaqlarının 44 faizi quraqlıq təhlükəsi ilə üzləşib.

İtaliya Avropada quraqlıqdan ən çox təsirlənən ölkədir. Qitədə ən şiddətli quraqlıq bu ölkədəki Po çayı hövzəsində yaşanır.

Hesabata görə, İspaniyada su ehtiyatlarının doluluq dərəcəsi də son on ilin orta göstəricisindən 31 faiz aşağı ölçülür.

Portuqaliyada su elektrik stansiyalarında istifadə olunan su son yeddi ildə 50 faiz azalıb.

1970-ci ildən bəri hava, iqlim və su təhlükələri bütün fəlakətlərin 50 faizini, ölüm hallarının isə 45 faizini təşkil edir.

Bu dövrdə ətraf mühitlə bağlı itkilərin 90 faizi inkişaf etməkdə olan ölkələrdə baş verib./Oxu.az/